Mikelsdən ilk het-trik və yubiley qolu
07.09.2026 - 10:33
Mikelsdən ilk het-trik və yubiley qolu

Misli Premyer Liqasının 2026/27 mövsümündə ilk het-trik qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Sabah”ın bombardiri Coy-Lens Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib.

Bu, həm cari mövsümün ilk het-triki, həm də almaniyalı hücumçunun Premyer Liqadakı ilk belə nailiyyəti olub.

Mikelsin qarşılaşmada vurduğu ikinci qol onun Azərbaycan Premyer Liqasında yubiley – 60-cı qolu kimi tarixə düşüb. Hücumçu het-trik sayəsində bu göstəricini 61-ə çatdırıb.

Ölkəmizdə yalnız “Sabah”ın formasını geyinən forvard 2021/22 mövsümündəki debütündən bəri Premyer Liqada keçirdiyi 113 oyunda 61 dəfə fərqlənib.

Mikels Azərbaycan çempionatları tarixində yüksək dəstədə ən çox qol vuran legionerlər sırasında gürcüstanlı Georgi Adamiyaya çatıb. Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vursalar da, hər iki futbolçu Azərbaycan millisinin formasını geyindiyi üçün legioner hesab olunmur.

“Sabah”ın bombardiri həmçinin Premyer Liqada penalti qollarının sayını 10-a çatdırıb. O, 10 penalti zərbəsindən 9-nu qola çevirib.