![“Qarabağ” qalib gəlsə... - STATİSTİKA](https://ww3.apasport.az/storage/news/2022/october/13/big/6347b2b8bdb286347b2b8bdb2916656431926347b2b8bdb256347b2b8bdb27.jpg)
Avropa Liqasının IV turunun “Qarabağ” – “Olimpiakos” oyunu yubileylə əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qalib gəlsə, bu, Azərbaycan klublarının avrokuboklarda 75-ci ev qələbəsi olacaq.
İndiyədək təmsilçilərimiz 74 dəfə qonağı əliboş yola salıb. Qitə kuboklarında 1994-cü ildə debüt edən Azərbaycan komandaları 207 matçda buna nail olub.
12 təmsilçimiz doğma divarlar arasında qalib gəlməyi bacarıb. Ev qələbələrində “Qarabağ” böyük üstünlüyə malikdir.
74 qələbədən 31-i ağdamlıların payına düşüb. “Neftçi” 17 dəfə öz meydanında qalib gəlib. Adını tez-tez dəyişən “Şamaxı” və “Qəbələ”nin hərəyə 8, “Bakı”nın 3 uğuru var.
Digər komandalarımız öz meydanında bir dəfə sevinib. Bunlar “Bakı fəhləsi”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Zirə” və “Şəmkir”dir.
Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” oyunu bu gün saat 20:45-də başlayacaq.