Qurban Qurbanov: “Çatışmazlıqlar var”
08.07.2026 - 21:23
Qurban Qurbanov: “Çatışmazlıqlar var”

"Qarabağ" UEFA Avropa Liqası I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda İslandiyanın "Vestri" klubunu qəbul edəcək.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram. "Sabah"ı dünənki qələbə münasibətilə təbrik edirəm. Yeni mövsümdə ilk oyunumuzdur. Heyətdə dəyişikliklər var. Çalışdıq ki, problemlərimiz hiss olunmasın. Amma əfsular olsun ki, çatışmazlıqlar var. Komandanı oyun planında tam düşündüyümüz kimi formalaşdırmamışıq. İnanıram ki, yaxın vaxtlarda hər şey qaydasında olacaq və öz oyunumuzla azarkeşlərimizi sevindirə biləcəyik".

- Yeni gələn oyunçuların uyğunlaşma prosesi necə gedir? 
- Həm yaxşı, həm də pis deyərdim. Komandaya tez qoşulanlar özlərini daha rahat hiss edirlər. Gec qoşulanların gec uyğunlaşmaq ehtimalı var. 

- Kamilo Duranın gedişindən sonra hücum xəttini necə qurmağı planlaşdırırsız? 
- Rəsmiləşmədiyi üçün getdiyini tam əminliklə deyə bilmərik. Bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərmişdi. Belə futbolçunun gedişi çatışmazlıqlar yarada bilər. Oyunçunu itirə bilərik. Amma gələcək üçün qazandığımız digər faktorlar var. Təcrübəli klub olaraq transfer bazarında iştirak etməyimiz çox önəmlidir. Son illərdə ölkə xaricinə oyunçular göndərmişik. Bu, klub olaraq bizim üçün əlavə üstünlükdür. Avropada bizə diqqət daha da çoxalır. İstərdim ki, komandamızda hər zaman Duran kimi futbolçu olsun. Bir neçə mövqedə oynamaq qabiliyyəti var, ustalıq keyfiyyətləri çox yaxşıdır. 

- Yeni gələn oyunçulardan kimlərisə sabah start heyətində görə bilərik? 
- Bəli. Saylarını və mövqelərini deyə bilmərəm, amma olacaq.

- Durandan sonra yerli və ya əcnəbi futbolçuların komandadan gedişi gözlənilir? 
- Rəsmi təklif gələn oyunçu yoxdur. Kiminsə getmək ehtimalının olduğunu deyə bilmərəm. 

- İslandiyaya məsafənin uzaq olması komandaya problem yaratmayacaq? 
- Heç vaxt düşünməmişəm ki, hansı komanda ilə düşək və ya düşməyək. Bu, püşkdür, mənim istəyimlə olan bir şey deyil. Həmişə Allahdan xeyirlisini istəmişik. Hansı rəqib düşsə, razı olacaqdım. Bəli, 7-8 saatlıq yolumuz olacaq. Belə hallar dəfələrlə olub. Buna uyğun proqram quracağıq.

- Elvin Cəfərquliyev oynayacaq? 
- Oynamaq ehtimalı var. Komandamızın oyunçusudur. Start heyətində yer alacağı, sonradan oyuna girəcəyi və ya növbəti matçlarda oynayacağına hələ qərar verməmişik.