![Taekvondoçularımız ilin son yarışına yollandı](https://ww3.apasport.az/storage/news/2022/december/06/big/638efee779d1f638efee779d201670315751638efee779d1d638efee779d1e.jpg)
Dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada taekvondo və parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsi start götürəcək.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu seriyada ilin yekun yarışında Azərbaycan millisi də təmsil olunacaq.
173,94 xalla dünya reytinqində 10-cu olan Cavad Ağayev ili qələbə ilə başa vurmaq üçün Ər-Riyada yollanacaq. 68 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq. O, yarışda baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında qüvvəsini sınayacaq.
Parataekvondo üzrə komandamız isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.
Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Qran-prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.