“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze komandanın hazırlıq prosesi, yeni transferlər və gənc futbolçuların çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, gürcü mütəxəssis yeni oyunçuların komandaya uyğunlaşması üçün zamana ehtiyac olduğunu bildirib.
“Komandaya yeni futbolçular cəlb olunub və onların adaptasiyası üçün bir qədər vaxt lazımdır. Yeni transferlərimizdən Meşak ilk oyununa çıxdı. Düşünürəm ki, onun potensialı böyükdür. Keyfiyyətli futbolçudur və inanıram ki, bizə çox köməyi dəyəcək. Hazırda komandanı formalaşdırmaq mərhələsindəyik. Bəzi yeni oyunçuların yolunu gözləyirik. Ən vacibi odur ki, hamı səylə çalışır. Məqsədimiz transferləri tez başa çatdırıb komandanı formalaşdırmaqdır. Yeni gələnlər oyun üslubumuza öyrəşməlidirlər”, – deyə Tsxadadze bildirib.
Baş məşqçi yoxlama görüşündə gənc futbolçulara da şans verdiklərini vurğulayıb:
“İkinci hissədə 9 nəfəri əvəzlədik. Gənclərə özlərini göstərmək imkanı yaratdıq. Bəziləri özlərini yaxşı tərəfdən göstərdilər, bəziləri isə təəssüf ki, hələ Premyer Liqa səviyyəsinə hazır deyillər. Amma işləyirlər və məşqlərə ciddi yanaşırlar”.
Qeyd edək ki, yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyununda “Şəfa” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş 1:1 hesablı bərabərliklə başa çatıb.