
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Lənkəranda 14 yaşadək qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib.
Apasport.az xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.
Qruplarda ilk iki yeri tutan komandalar pley-offda üz-üzə gəliblər. 2 saylı tam orta məktəb turnirin qalibi olub. Sonrakı iki yeri müvafiq olaraq 7 və 4 saylı tam orta məktəblər tutub.
Turnirin qalibi olan məktəbin şagirdi Mədinə Hüseynova 3 qolla ən məhsuldar oyunçu olub. 4 saylı tam orta məktəbin şagirdi Nəzrin Kazımzadə ən yaxşı oyunçu, eyni məktəbdən Rüqayyə İsayeva isə ən yaxşı qapıçı seçilib.
İlk üç yeri tutan komandalar diplom və medallar, qalib kollektiv isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və U-15 (qızlar) yığmasının baş məşqçisi Gülənbər Qasımova təqdim ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə AFFA U-15 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunublar.