Yığmamızdan 5/5
11.04.2023 - 16:13
Yığmamızdan 5/5

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, ikinci raundunda B liqasında mübarizə aparan millimiz Slovakiyada meydan sahibləri ilə görüşüb.

Həbib Ağayevin baş məşqçisi olduğu komanda 0:4 hesabı ilə uduzub. Bu, millinin üç yığmanın yer aldığı qrupda aldığı ikinci darmadağındır. Üç gün öncə Monteneqro futbolçularımızı üç dəfə məyus edib.

Hər iki qarşılaşmada böyük hesabla uduzan yığmamız B liqasının 5-ci qrupunda sonuncu yeri tutub.

Ümumiyyətlə, komandamız mövsümdə məğlubiyyətdən başqa heç nə görməyib. Birinci raundda da B liqasında çıxış edən yığma Monteneqroya 1:2, Kiprə 0:4, Xorvatiyaya 0:1 hesabı ilə uduzub. 

5 oyunda 5 məğlubiyyəti olan milli cəmi 1 qol vurub və 14-nü buraxıb. Vurulan yeganə qol seçmə mərhələnin ilk oyununda ilk top olub. Eda Nur Mutlu Monteneqro ilə payızdakı görüşdə hesabı açsa da, nə yığmamız “mutlu” olub, nə də yolunda nur görünüb.