
NTD komandasının basketbolçusu Murad Babayev “Neftçi”yə qarşı kubok oyunundan əvvəl klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, oyunçu görüşdən gözləntilərini bölüşüb:
“Hazırlıqlarımız tam sürətlə davam edir. Psixoloji baxımdan da komandanın əhval-ruhiyyəsi yüksəkdir. İstəyirik ki, meydançada özümüzə layiq bir oyun göstərərək finala yüksələk.
Təbii ki, liqada limit 4+1 olduğu üçün kubokda komandaların daha zəif oyun nümayiş etdirdiklərini düşünürlər, amma deyərdim ki, hər bir komandada legionerlərlə eyni səviyyədə oynayan yerli oyunçularımız var. Mənə görə, bu, oyunun keyfiyyətinə o qədər də təsir etmir.
Düşünürəm ki, kubokda bütün komandaların şansları bərabərdir. Bizim komandanın əhval-ruhiyyəsi yüksəkdir və məşqlərə ciddi yanaşırıq. Bizim məqsədimiz – kuboku qazanmaqdır.
Artıq çempionat sona yaxınlaşır və səhv etmə şansımız azalır. Mövsümün ilk yarısında komanda kimi istədiyimiz oyunu göstərə bilməsək də, sonradan yeni gələn legionerlərlə istədiyimiz tempi tutmuşuq. Öz oyunumla bağlı isə, uzun müddət basketboldan uzaq qaldığım üçün formaya tam qayıtdığımı deməzdim, amma yavaş-yavaş buna doğru irəliləyirəm”.