
"Rəqibin heyətində hündür oyunçuların çoxluğu bizə müəyyən problemlər yaratdı".
Apasport.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə oyundan sonra deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının final seriyasının ilk matçında qazanılmış 94:89 hesablı qələbəni şərh edib: "Oyunun əvvəlində "Şəki" səfərinin yorğunluğu hiss olunurdu. Bundan əlavə rəqibin də məşqçi və oyunçu heyəti görüşə çox yaxşı hazırlaşmışdı. Bu səbəbdən uzun oyunçumuz Klavs Çavars 35 dəqiqəyə yaxın parketdə oldu. Buna baxmayaraq onun fiziki göstəriciləri bu müddət ərzində əla səviyyədə oyun sərgiləməyə kifayət etdi. Sonda xarakter nümayiş etdirsək də, final seriyasının növbəti matçlarında daha da yaxşı oyun sərgiləməliyik".
Qeyd edək ki, komandalar arasında ikinci oyunda mayın 4-də keçiriləcək.