“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna qarşı keçirəcəkləri oyun barədə danışıb.
Apasport.az xəbər verir ki, litvalı mütəxəssis səfər matçından əvvəl təşkil olunan mətbuat konfransında komandasının qələbə üçün meydana çıxacağını bildirib.
Dambrauskas rəqibi ətraflı təhlil etdiklərini söyləyib:
“Danimarkada olduğumuza görə çox şadıq. Hər bir məşqçinin arzusu Çempionlar Liqasında ən azı bu mərhələyə qədər irəliləməkdir. Qarşılaşmaya yaxşı hazırlaşmışıq və rəqibimizi ətraflı təhlil etmişik. “Orhus” çox keyfiyyətli futbolçulardan qurulmuş komandadır. Onların güclü və zəif tərəflərini bilirik. Öz gücümüzdən istifadə edərək səfərdə qələbə qazanmağa çalışacağıq. İnanıram ki, futbolçularım ən xırda tapşırıqları belə düzgün yerinə yetirəcəklər”.
Baş məşqçi Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər barədə danışmağın tez olduğunu vurğulayıb:
“Potensial rəqibləri artıq tanıyırıq. Lakin hazırda onlar barədə danışmağın mənası yoxdur. Bütün diqqətimizi “Orhus”la oyuna yönəltmişik. Rəqibə hörmətlə yanaşırıq. Onlar Danimarka çempionudurlar”.
Dambrauskas “Sabah”dan ayrılaraq İsveçrənin “Bazel” klubuna transfer olunan Aaron Maludaya da təşəkkür edib:
“O, çox gənc yaşlarında sıralarımıza qoşuldu və komandaya böyük kömək göstərdi. Bu kömək qarşılıqlı idi. Çünki Maluda məhz “Sabah”da özünü göstərdi. Klubumuz onun transferindən gəlir əldə etdi. Daha sonra Kristian Nvaçukvunu heyətimizə qatdıq. Bu da “Sabah”ın skaut komandasının sürətli və düzgün işlədiyini göstərir”.
Qeyd edək ki, “Orhus” - “Sabah” matçı avqustun 5-də Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Cavab qarşılaşması avqustun 11-də saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.