Bakıda IBA Çempionlar Gecəsi keçirilib
11.07.2026 - 10:00
Bakıda IBA Çempionlar Gecəsi keçirilib

Bakıda IBA Çempionlar Gecəsi keçirilib.

Apasport.az xəbər verir ki, peşəkar boksçuları bir araya gətirən tədbir “Sea Breeze Resort”da açıq hava şəraitində təşkil olunub.

Tədbirdə müxtəlif federasiyaların rəhbər şəxsləri, xarici qonaqlar və çoxsaylı azarkeşlər iştirak ediblər. Gecənin açılışında “Natiq” ritm qrupu və estrada müğənnisi, Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov öz çıxışları ilə tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşadıb.

Yarışın ilk görüşündə Azərbaycan millisinin üzvü Sərxan Əliyev (70 kq) Qazaxıstan təmsilçisi Nurtas Ajbenovla qarşılaşıb. 6 raund davam edən döyüşdə boksçumuz hakimlərin yekdil qərarı ilə qələbə qazanıb – 3:0.

Ardınca rinqə çıxan Avropa Oyunlarının bürünc medalçısı Tayfur Əliyev (60 kq) özbəkistanlı Xurşidbek Rasuljonovu sınağa çəkib. Qarşılaşma heç-heçə yekunlaşıb.

Dünya kubokunun bürünc mükafatçısı Nəbi İsgəndərov (70 kq) peşəkar rinqdə debütündə Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayıb. Döyüş heç-heçə bitib.

Azərbaycan millisinin daha bir üzvü, dünya çempionatının mükafatçısı Səidcəmşid Cəfərov (72,6 kq) Belarus boksçusu Nikolay Veselovu 3:0 hesabı ilə məğlub edərək komandanın uğurlu seriyasını davam etdirib.

Gecənin əsas qarşılaşmalarından birində dünya çempionu Sübhan Mamedov (47,6 kq) filippinli Riçard Qardla üz-üzə gəlib. Dünya boksunun əfsanəsi Roy Consun canlı ifa etdiyi “Can’t Be Touched” mahnısının müşayiəti ilə rinqə çıxan Azərbaycan idmançısı rəqibinə heç bir şans verməyərək 4-cü raundda texniki qələbə qazanıb. Bununla da komandamız IBA Çempionlar Gecəsini 3 qələbə, 2 heç-heçə ilə başa vurub.

Gecənin digər qarşılaşmasında isə Rusiya təmsilçisi Çeerav Aşalayev (76,2 kq) 8 raundluq döyüşdə belaruslu Mixail Dolqolevetsi məğlub edib.

Qeyd edək ki, IBA Çempionlar Gecəsinin döyüşləri İdman TV, Matç TV və Azərbaycan Boks Federasiyasının rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb.