Paytaxt küçələri pik saatlarda açıq olacaq
11.09.2025 - 12:55
Paytaxt küçələri pik saatlarda açıq olacaq

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq.

Apasport.az xəbər verir ki, sentyabrın 19-21-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək. Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

●Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

●M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

●S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

●Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

●Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

●Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

●İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

●Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Qeyd edək ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.