“Tour d’Azerbaidjan”ın bərpası barədə ilkin razılıq əldə edilib
05.06.2025 - 19:24
“Tour d’Azerbaidjan”ın bərpası barədə ilkin razılıq əldə edilib

Bu gün Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantını giriş sözü ilə açan federasiyanın prezidenti Zaur Axundov gündəlikdə duran aktual məsələlərin müzakirə olunacağını deyib.

İclasda qonaq qismində iştirak edən lüksemburqlu velosipedçi, 2010-cu il “Tour de France” və bir çox digər nüfuzlu yarışların qalibi Endi Şleki iştirakçılara təqdim edib. Federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov quruma yeni rəhbərlik seçildikdən sonra görülmüş işlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, məşqçi və idmançılarla görüşlər keçirilib, onların fikir və təklifləri dinlənilib, federasiyanın 2025-2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirən sənəd hazırlanıb.

Sahib Ələkbərov onu da bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə danışıqlar aparılıb və beynəlxalq aləmdə böyük nüfuz qazanmış “Tour d’Azerbaidjan” velosiped yarışının bərpası barədə ilkin razılıq əldə edilib. 5 mərhələdən ibarət yarışın 2026-cı ildə təqvim planına daxil edilməsi üçün Beynəlxalq Velosipedçilər İttifaqına müraciət göndərilib.

İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-2028-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri, loqosu, ştat cədvəli və milli yığma komandanın yeni geyim forması təsdiq edilib.