UFC döyüşçüsü Karlos Prates yarımorta çəki dərəcəsinin çempionu İslam Maxaçevi sərt tənqid edib.
Apasport.az xəbər verir ki, braziliyalı idmançı Maxaçevin yanvar ayında onunla döyüşməkdən imtina etməsinə münasibət bildirib.
Prates rəqibini qorxaqlıqda ittiham edərək onu gələcək qarşılaşmada məğlub edəcəyini söyləyib:
“Qorxdu və döyüşdən qaçdı. Geri qayıdıb Maxaçevi əvvəl planlaşdırdığımdan ikiqat ağır məğlubiyyətə uğradacağam. Qoy dərsini alsın və belə qorxaq davranmağı dayandırsın”.
Braziliyalı döyüşçü UFC rəhbərliyinin də bu qərardan narazı qaldığını iddia edib:
“UFC də çox qəzəbləndi. Əgər ciddi zədən yoxdursa, döyüşməlisən. Müqavilən bunun üçündür, bu sənin işindir. Döyüşmək istəmirsənsə, çempionluq kəmərindən imtina et və məsələ bitsin”.
Prates Maxaçevin yanvar ayında döyüşüb-döyüşməyəcəyi ilə bağlı qeyri-müəyyən mövqeyini də tənqid edib:
“Yanvarda döyüşəcəyinə əmin deyilsənsə, bu barədə danışma. Sus. Hətta zədəli olduğunu bəhanə gətirməyin belə bundan daha yaxşı olardı”.
Qeyd edək ki, İslam Maxaçev yanvarın 30-da keçiriləcək UFC 336 turnirində iştirak etməyəcək. Karlos Prates isə həmin gecə Maykl Moraleslə müvəqqəti çempionluq kəməri uğrunda qarşılaşacaq.
Maxaçev daha əvvəl bildirib ki, Prates və Morales bir-biri ilə döyüşərək əsas titul iddiaçısını müəyyənləşdirməlidirlər. Çempion həmin qarşılaşmanın qalibi ilə üz-üzə gəlməyə hazır olduğunu açıqlayıb.