Azərbaycanın güləş yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır
23.03.2026 - 13:52
Azərbaycanın güləş yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır

Azərbaycanın güləş üzrə milliləri qarşıdan gələn mühüm yarışlara hazırlıqları müxtəlif məkanlarda davam etdirir.

Apasport.az xəbər verir ki, qadın güləşi üzrə yığma Göygöldə təlim-məşq toplanışı keçir.

Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir.

Sərbəst güləş üzrə U-20 millisi də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yunan-Roma güləşi üzrə U-17 seçməsi martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandalarıyla birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi iştirak edir.

Bu yaş qrupu üzrə sərbəst güləş yığması isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq.