Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycanın 5 sərbəst və 2 qadın güləşçisi mübarizə aparacaq.
Sərbəst güləş yarışlarında 48 kq çəki dərəcəsində Hüseyn Rzazadə 1/8 finalda İran təmsilçisi Amirali Faz və ya Hindistandan Aaryan Aaryanla qarşılaşacaq. 80 kq-da Nihad Süleymanlının rəqibi isə slovakiyalı Martin Mokras və ya qırğızıstanlı Ali Zakirjanov olacaq.
Təsnifat mərhələsində 55 kq-da Abbas Şəfiyev Qazaxıstandan Temirlan Muratla, 65 kq-da Rəşid Nazarov Ermənistan təmsilçisi Erik Papikyanla, 110 kq-da isə Hakim Tağıyev Özbəkistandan Behruz Aşirovla üz-üzə gələcək.
Qadın güləşçilərdən Gülxanım Şirinova (40 kq) Monqolustan idmançısı Azzaya Battulqa, Fatimə Bayramova (53 kq) isə Macarıstan təmsilçisi Mariya Jitovozla təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medal qazanıblar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib olublar.
Dünya çempionatı avqustun 2-dək Milli Gimnastika Arenasında davam edəcək.