UEFA Çempionlar Liqasının məşhur himninin yaranmasının 34 ili tamam olur.
Apasport.az xəbər verir ki, turnirin rəsmi himni 1992-ci ildə, Avropa Çempion Klublar Kubokunun Çempionlar Liqasına çevrilməsi zamanı yaradılıb.
Əsərin müəllifi britaniyalı bəstəkar Toni Britten olub. O, himni XVIII əsrdə yaşamış alman bəstəkarı Georg Fridrix Hendelin “Zadok the Priest” əsərindən ilhamlanaraq bəstələyib.
Himnin səsyazmasında London Kral Filarmoniya Orkestri və xor kollektivi iştirak edib. Əsərin ən məşhur hissəsində UEFA-nın üç rəsmi dilində – ingilis, fransız və alman dillərində “The champions”, “Les grandes équipes”, “Die Meister! Die Besten!” ifadələri səslənir.
Bu musiqi 1992-ci ildən etibarən Çempionlar Liqasının əsas simvollarından birinə çevrilib.