
Azərbaycan Karate Federasiyasının rəhbərliyi və “Arpaçay Karate Klubu”nun təşkilatçılığı ilə həyata keçirilən “Zəfər kuboku” start götürüb.
Apasport.az xəbər verir ki, 2 gün uşaqlar, yeniyetmələr və gənclər arasında davam edəcək yarışın açılış mərasimi baş tutub.
Tədbirdə idman ictimaiyyətinin tanınmış nümayəndələri, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev kubokun əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə karate idman növünün inkişafı və geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin idmana, gənclərimizin sağlam ruhda böyüməsinə göstərdiyi xüsusi qayğının məntiqi nəticəsidir.
Federasiya rəhbərinin sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafına geniş imkanlar yaradılıb, idman infrastrukturu müasirləşdirilib və beynəlxalq arenalarda Azərbaycan idmançılarının qələbələri dövlətimizin gücünü bir daha nümayiş etdirir: “Zəfər kuboku” turniri yalnız idman yarışı deyil, həm də xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin, şəhidlərimizin müqəddəs ruhuna ehtiramın, gənclərimizin vətənpərvər ruhda böyüməsinin rəmzidir. Bu yarış gənc karateçilər üçün mühüm məktəb olacaq”.
Açılış mərasimində çıxış edən millət vəkilləri Fazil Mustafa və Vüqar Rəhimzadə də tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, idmançılarımıza uğurlar arzulayıblar.
Tədbirdə, həmçinin karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Karate Federasiyası tərəfindən “Arpaçay İdman Birliyi”nin rəhbəri Əli Əsgərova fəxri 5-ci dan qara kəmər təqdim olunub.
Qeyd edək ki, sabah yekunlaşacaq “Zəfər kuboku”nda Azərbaycanın müxtəlif bölgələrindən 800-dən çox karateçi mübarizə aparır. Turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, karate idman növünün inkişafını sürətləndirmək, həmçinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmiş Zəfər Gününün əzəmətini gənc nəsillərə aşılamadır.