![AVRO-2024-ə 20 milyon sifariş](https://ww3.apasport.az/storage/news/2023/october/28/big/653ca7af9ef79653ca7af9ef7a1698473903653ca7af9ef76653ca7af9ef78.jpg)
AVRO-2024-ün oyunları ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Apasport.az xəbər verir ki, 20 milyondan artıq bilet üçün sifariş daxil olub.
Satışın birinci mərhələsində UEFA-ya 206 fərqli ölkədən azarkeşlər müraciət göndərib. İkinci mərhələyə dekabrın 2-də start veriləcək. Biletlərin minimal qiyməti 30 avrodur.
Berlindəki Olimpiya stadionunda baş tutacaq final üçün 2 milyon 295 min 665 sifariş daxil olub. Bu, arenanın tutumundan 33 dəfə çoxdur. “Münhen Arena”dakı açılış matçını 1 milyon 408 min azarkeş izləmək istəyir. Bu da stadionun tutumundan 21 dəfə çoxdur. Biletlər noyabrda keçiriləcək lotereya ilə bölüşdürüləcək.
Qeyd edək ki, Almaniyadakı yarış iyunun 14-dən iyulun 14-dək keçiriləcək.