2024-cü ildə keçirilən “Qalatasaray” və “Fənərbaxça” derbisindən sonra yaşanan hadisələrlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Apasport.az xəbər verir ki, aralarında Ceyden Ostervolde və Mert Hakan Yandaşın da olduğu təqsirləndirilən 5 şəxs barəsində hökm elan edilib.
Məhkəmə dindirilənləri “haqsız təhrik altında xəsarət yetirmə” maddəsi ilə təqsirli bilərək hər birinə 1 il 4 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Eyni zamanda hökmün açıqlanmasının geri saxlanılması barədə qərar çıxarılıb.
Digər tərəfdən, məhkəmə iclasına SEGBİS sistemi vasitəsilə qoşulan Mert Hakan Yandaşın görüntüsü “Qalatasaray”ın idarə heyətinin üzvü Timur Kuban tərəfindən çəkilib. Bu məsələ ilə bağlı “Fənərbaxça” klubundan sərt reaksiya gəlib.
İstanbul təmsilçisi yaydığı rəsmi açıqlamada bildirib ki, futbolçunun ifadə verdiyi zaman hüquqi cəhətdən qadağan olmasına baxmayaraq görüntüsünün mobil telefonla qeydə alınması etik normalara və qanunlara ziddir.
Açıqlamada qeyd olunub ki, hadisə dərhal aşkarlandıqdan sonra Timur Kubanın mobil telefonu müsadirə edilib, barəsində akt tərtib olunub və İstanbul Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.