Mata klub sahibi oldu: Rəhbərlikdə vəzifə alacaq
29.06.2026 - 17:17
Mata klub sahibi oldu: Rəhbərlikdə vəzifə alacaq

“Mançester Yunayted” və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Xuan Mata Avstraliyanın “Melburn Viktori” klubunun səhmdarlarından biri olub.

Apasport.az xəbər verir ki, A Liqası təmsilçisi 38 yaşlı dünya çempionunu yeni ortaq sahibi kimi rəsmən təqdim edib.

İspaniyalı futbolçunun gələcəkdə klubun direktorlar şurasında da yer alacağı gözlənilir.

Mata hazırda gələn mövsüm futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi barədə düşünür. “Melburn Viktori” rəhbərliyi isə onun karyerasını başa vurduqdan sonra klubda yeni yaradılacaq futbol əməliyyatları komitəsinə rəhbərlik edəcəyini açıqlayıb.

“Geridə qalan mövsüm meydanda mənə böyük zövq verdi. “Viktori”yə səhmdar kimi investisiya etmək növbəti addım idi. Avstraliya futbolunun gələcəyinə səmimi şəkildə inanıram. “Melburn Viktori”də ilk gündən bu klubun ehtirasını və liqanın potensialını hiss etdim. Qarşıda bizi gözləyənlərin qurulmasının bir parçası olmaq istəyirəm. Bu, sadəcə bir mövsümlük yox, uzunmüddətli layihədir”, - deyə Mata bildirib.

Qeyd edək ki, Xuan Mata karyerası ərzində “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe” kimi klublarda çıxış edib.