![Türkiyədə azərbaycanlıların qarşıdurması](https://ww3.apasport.az/storage/news/2024/april/23/big/6626c2364a0396626c2364a03a17138161186626c2364a0356626c2364a037.jpg)
Futbol üzrə Türkiyə I Liqasında 31-ci tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvlərinin forma geyindiyi komandalar üz-üzə gəlib.
Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor" doğma meydanda Ramil Şeydayevin şərəfini qoruduğu "Kocaelispor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olub. Onların hər ikisi matça start heyətdə meydana çıxıb. Coşqun 79-cu dəqiqədə əvəzlənibsə, Ramil 90 dəqiqə meydanda olub.
31 turdan sonra 52 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Xallarını 37-yə yüksəldən "Ümraniyespor" isə 11 yerdədir.