Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
08.11.2023 - 14:14
Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə

"Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- "Qarabağın" "Bayer"ə 5:1 hesablı məğlubiyyətini nə ilə əlaqələndirirsiniz? Sizcə, səbəb təkcə rəqibin üstünlüyü idi?
- Bu qədər böyükhesablı məğlubiyyətin tək səbəbi "Bayer"in güclü olması deyildi. "Qarabağ" daha qapalı oynasaydı, bəlkə hesab 3:1 olardı. Ancaq bunun elə də fərqi yoxdur. "Qarabağ" qapalı oyun nümayiş etdirməyi bacarmır. Onların bütün komandalara qarşı oyun fəlsəfələri qarşılıqlı hücumdur. Bu oyun üslubundan qırağa çıxmaq istəmirlər. Hesab edirəm ki, taktiki baxımdan alınmayan cəhdlərimizdən biri rəqibə press edib topu ələ keçirə bilməməyimiz oldu. Bütün oyun boyu rəqib asanlıqla öndə olan 4-5 futbolçumuzu geridə qoyub, üstünlük əldə edirdi. II hissədə Qurban Qurbanov bunun qarşısını almağa çalışsa da iş işdən keçmişdi.

- "Bayer"lə baş tutacaq növbəti matçın real taleyini necə görürsünüz?
- Birmənalı olaraq 1-ci oyunun taleyi kimi olmayacaq. Bunu demək üçün bir neçə səbəb var. İlk səbəb odur ki, artıq "Qarabağ"ın texiniki heyəti və məşqçilər korpusu oyunu xırda detalına kimi incələyəcək və 1-ci oyundaki taktiki səhvləri buraxmayacaqlar. 2-ci səbəb isə "Bayer"in heyətində 2-3 futbolçu var hansı ki, onlar top səviyyədədir. Həmin futbolçulara istirahət vermək məcburiyyəti var. Çünki Bundesliqada da onlar böyük rəqabət aparırlar. Hər iki cəbhədə oynamaq çətindir deyə həmin futbolçular Bakıdakı oyunda olmaya bilər. 3-cü səbəb isə azarkeşlərin dəstəyidir. Onlar rəqibin hegemonluq göstərməyinə icazə verməyəcəklər. Hətta xal şansına da ümid edə bilərik.

- Sizin dövrünüzlə müqayisədə "Qarabağ"ın yerli liqadakı müsbət və mənfi fərqləri nələrdir?
- Dövrləri müqayisə etmək mənim üçün çətindir. Hər dövrün öz tələbi var. Ən azından, bizim dövrdə VAR sistemi yox idi. İndiki dövrdə "Qarabağ"ın taktiki baxımdan böyük artımı var. Oyunçuların fərdi ustalıq səviyyəsi çoxdur. Düşünürəm ki, indiki futbolçularla müqayisədə biz özümüzü oyuna daha çox verirdik. Can qoymağımız indiki oyunçulardan artıq ola bilər.  Bu cəhətdən indiki "Qarabağ"dan üstün ola bilərik.

- Bu mövsüm Premyer Liqada "Qarabağ"ın performansı sizcə, necədir? Çempionluq şansı nə qədərdir?
- Əslində maraqlı sualdır. Bir şeyi qeyd etmək olar ki, "Qarabağ" son 10 ildə hələ bu qədər zəif çıxış etməmişdi. İndiki yerli oyunçularımız gəncdirlər. Nərimanı da bu sıraya daxil edirəm. Çox böyük istedaddırlar, amma təcrübəsizdirlər. Oyun təcrübələrinə ehtiyacları var. Çempionat böyük bir marafondur. Düşünürəm ki, Avroliqa qrupundan çıxacağıq və bundan sonra, təxminən fevralın ortalarından komanda gücünü daxili çempionata verə biləcək. İstənilən yerli komandanın qapısı ağzında 5-6 qol imkanı yarada biləcəklər. Avroliqa bitəndən sonra digər komandalar üçün "Qarabağ"ın qarşısını almaq çətin olacaq. 

- Düşünün ki, hazırda "Qarabağ"ın  heyətində kapitansınız, "Bayer"lə qarşılaşmada nəyə diqqət edərdiniz? 
- Mən həmişə bir kapitan olaraq uşaqlara son tərimizə qədər vuruşmağı tövsiyə etmişəm. Özüm də həmişə nümunə olmuşam. Sözü deyib, “yavaşgəzən” olmamışam. Kapitan olaraq, futbolçulara bacardığımız oyunu nümayiş etdirməyi tələb edərdim. Texniki baxımdan isə necə oynamaq lazım gəldiyini Qurban Qurbanov yaxşı bilir. Kor-koranə öndə pres eləməkdənsə, kompakt oynamaq lazımdır. Cinahlarda güclü oyunçularımız var - Zubir, Andrade, bunlara imkan yaratmaq lazımdır.

writer photo
Əlirza Əlirzalı
0