Bu gün Avropa Liqasının VI turunun növbəti matçları keçiriləcək.
Təmsilçimiz “Qarabağ” “Elfsborq”un qonağı olacaq.
Görüş soyuq və qarlı İsveçdə baş tutacaq. Hava şəraiti və meydan amili Azərbaycan çempionuna müəyyən problemlər yarada bilər. Həmçinin nəzərə almaq lazımdır ki, “Elfsborq” evdə keçirdiyi görüşlərdə üstün oyun nümayiş etdirir.
Buroslular öz meydanında keçirdiyi son 10 matçda məğlub olmayıb. İsveç təmsilçisi bunların 7-də qələbə qazanıb, 3-də heç-heçə edib.
Lakin “Elfsborq” üçün işlər elə də mükəmməl getmir. Komandanın çıxış etdiyi İsveç çempionatı yaz-payız sistemi ilə keçirilir. Yəni Allsvenskan noyabr aylarının əvvəllərində yekunlaşıb. Buros təmsilçisi liqanın sona çatması ilə son 2 ayda cəmi 1 rəsmi matça çıxıb. Avropa Liqasında “Atletik”lə qarşılaşan komanda meydandan xalsız ayrılıb – 0:3.
“Qarabağ” oyunlarda daha çox topa nəzarət və sürətli keçidləri ilə seçilir. Ağdamlılardan fərqli olaraq “Elfsborq” standart vəziyyətlər və uzun ötürmələrlə üstünlük qazanmağa çalışan komandadır.
Hər iki kollektivin hücum xətti kəsərlidir. Lakin komandalar müdafiədə boşluqlar vermələri ilə seçilirlər. Belə olan halda, bu gün qarşılıqlı qolların vurulacağı gözləyirəm.
Evdə uduzmayan “Elfsborq” və səfərdə fərqlənən “Qarabağ”ın görüşü üçün ən real hesab təxmini 1:1-dir.
Detallı analiz etdikdə görürük ki, İsveç təmsilçisi orta hesabla evdə keçirdiyi görüşlərdə 1 qol buraxır. Ağdamlılar isə orta hesabla səfər matçlarında 1,5 qol vurur.
3 hesab variantının reallaşmasını mümkün görürəm. Birincisi yuxarıda qeyd etdiyim kimi 1:1-lik heç-heçədir. İkincisi “Qarabağ”ın 1:2 hesablı qələbəsidir. Ağdamlıların səfərdə statistikasını, hücum keyfiyyətini və xal ehtiyacını nəzərə alsaq, komandanın İsveçdən əliboş dönəcəyini düşünmürəm.
Üçüncü hesab variantı isə digərlərinə nisbətən daha aşağı ehtimaldır. Bu, meydan sahiblərinin minimalfərqli qalibiyyətidir - 2:1. “Elfsborq” müdafiə futboluna üstünlük verib, standart vəziyyətlərdən faylanmağı bacarsa, qələbə qazana bilər.
İsmayıl Xeyrullayev