
Daha əvvəl xəbər verdiyimiz kimi, “Qarabağ” APOEL-in futbolçusu Markinyosla maraqlanırdı.
Ağdam təmsilçisi yeni mövsümlə bağlı 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyib. Lakin keçid baş tutmayıb.
Apasport.az saytına verilən məlumata görə, APOEL braziliyalı üçün 2 milyon avro təzminat istəyib. Onlar hətta icarə üçün də "köhlən atlar"dan 1 milyon avroya yaxın məbləğ tələb edib. Ona görə də, Markinyosun keçidi gündəmdən çıxarılıb.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə düşəcəyi təqdirdə, lazım olarsa, Markinyos məsələsinə qayıdacaq. Hazırda isə bu məsələ təxirə salınıb.
Qeyd edək ki, braziliyalı 2022-ci ildən APOEL-in şərəfini qoruyur. Onun Nikosiya təmsilçisi ilə müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir.
Yarımmüdafiəçi karyerası ərzində “Korintians”, “Banqu”, “Braqantino”, “Ponte Preta”, “Sport Resife” və “Kuyaba” klublarında çıxış edib.