“Sabah” bəzilərinin kabusuna çevrilib - Bu nifrətin səbəbi nədir?
14.04.2026 - 11:03
“Sabah” bəzilərinin kabusuna çevrilib - Bu nifrətin səbəbi nədir?

Bu mövsüm idman sahəsində hər bir azərbaycanlını sevindirən, xoşbəxt edən bir məqam yaşandı. "Qarabağ" UEFA Çempionlar Liqasının yeni formatı olan Liqa mərhələsinə vəsiqə qazandı. Lakin Ağdam klubu bununla da yetinməyib, futbol sarıdan kasıb olan ölkəyə pley-off mərhələsini izləməyi də nəsib etdi.

Bunlar olduğu bir mühitdə hər kəs komandanın daxili çempionatda rəqibinin olmaması, klubların "Qarabağ"la rəqabət apara bilməməsini vurğulayırdı. Lakin bir qrup insan üçün bir "əmma" ortaya çıxdı. Hansı ki, bu "əmma" illərdir özünü püxtələşdirir, boya-başa çatdırır, qol-budaq uzadır.

Söhbətin "Sabah"dan getdiyini yəqin ki, anladınız. Həmin "Sabah" ki, Azərbaycan futbolunda ölmüş rəqabətin yenidən canlanmasına, azarkeşlərin stadionlara toplanmasına, qocaman nəslin televiziya başında futbol matçlarını seyr etməsinə, “Qarabağ”la matçlarda Respublika Stadionunun dolmasına səbəb oldu.
 
Əvvəla qeyd edim ki, məqsədim kimisə acılamaq və ya nəyisə qabartmaq deyil. İstəyim bəlkə də yeni bir "Qarabağ" modelinin inkişafını, bu komandanın bizə, bizim futbol fəlsəfəmizə nələr qata biləcəyini izah etməkdir.

"Sabah" yarandığı ildən bu yana öz üzərinə qoyaraq irəliləməyə davam edib. Bu o deməkdir ki, builki potensial çempionluq heç də təsadüfi olmayacaq. "Bayquşlar"ın professionallıq cəhətdən gördüyü işlərdən misallar çəkəcəm. 

Klub son 5 mövsümdür ki, çempionatın ilk beşliyində qərarlaşır. Hətta 2022-23 və 2023-24 mövsümlərində sırası ilə gümüş və bürünc medallara sahib çıxıb.

Komandanın apardığı transfer siyasəti də bizlərə açıq-aşkar nə dərəcədə səliqəli iş gördüklərinin sübutudur. Bakı təmsilçisi müxtəlif dövrlərdə gənc yaşlarında Amin Seydiyev, Bəhlul Mustafazadə, Aleksey İsayev və s. kimi Azərbaycan milli komandasında boy göstərən futbolçuları heyətinə qatdı. Sonralar yerli futbolçulardan savayı xarici oyunçu hövzəsinə də əl atan komanda Coy Lens Mikels, Timateuş Puxaç və Aaron Maluda və say-say bitməyən, ad-sanıyla yanaşı, göstərdiyi oyunla da özünü doğruldan legionerləri ölkəyə gətirdi. 

Bəzən doğru, bəzən yanlış məşqçi, futbolçu seçimləri də əlbəttə oldu. Lakin komandanın oyun stilində, klubun idarəçiliyindəki sistem pozulmadı. Komandaya yeni transfer olan futbolçulardan tut, məşqçilərə qədər heç biri bəlli olan sistemdən kənara çıxmadı. Necə ki, vaxtilə Qurban Qurbanovu baş məşqçi postuna gətirən “Qarabağ” səbirli olub, hocaya “limitsiz kredit” xətti açdı, “Sabah” da ilk gündən nəzərlərində olan vizyona, sistemə elə sadiq oldu. Bu gün “Qarabağ”ın uğurlarına baxıb, ürəyimiz dağa dönürsə, səbəbi təbii ki, sistemdir, səbirdir, stabillikdir. Bütün bunları yarandığı gündən bəri “Sabah” da edir. 

Ümumilikdə isə "Sabah"ın meydandankənar apardığı PR işləri, oyunçu təqdimatları, sosial media idarəçiliyi və mətbuatla əlaqələri klubun nə dərəcədə yaxşı təşkilatlanmış, peşəkar bir qurum olduğunu bizlərə açıq şəkildə göstərir. Futbolla əlaqəsi olmayan insanların, futbola küsmüş azarkeşlərin belə marağını çəkən, rəngləri, baxımlı oyunu, professionallığı ilə sadəcə başını aşağı salıb işini görən bu klub nə hikmətdirsə, çempionluğa oynadığı mövsüm bir qrup insanın kor-koranə hədəfinə tuş gəlib. 

Maraqlıdır, biz tam olaraq nə istəyirik? Ölkəmizi Avropada təmsil edən komandanın daha da uğurlu olmasını? Bunun üçün ölkə çempionatında rəqabət olmalıdır. Bu mövsüm “Sabah” bunu etdi, ümid edək gələn mövsümdən etibarən “Neftçi”, “Turan Tovuz”, “Kəpəz”, “Zirə” də çempionluq yarışına qoşular. Beləcə, həm daxili çempionata maraq, dolu tribunalar görərik, həm də rəqabətdən güclənən komandalarımız avrokuboklarda daha uğurlu nəticələr əldə edərlər. 

İndi sizdən soruşuram, "Qarabağ" kimi Avropada sözünü demiş Azərbaycan klubuna, "Neftçi" kimi qoca çinara, "Turan Tovuz" kimi liqamıza yenidən nəfəs gətirən komandalara qarşı daha bir rəqibin olmasının nəyi pisdir? Bu nifrətin altında nə yatır? Mən nə yatdığını bilirəm, amma arada güzgüyə baxıb bunu özünüzə etiraf edin, yalanlarınıza özünüzlə bərabər başqalarını da inandırmağa çalışmayın. Ədalətli olun...