
Azərbaycanlı futbol mütəxəssisi Adil Şükürov apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” - “Qarabağ” matçında (1:3) baş verənlər diqqət çəkdi. “Köhlən atlar”ın bu görüşdə qələbəsi yəqin ki, gözlənilməz deyildi. Ağdam təmsilçisinə Premyer Liqada hansısa komandanın çatması qeyri-realdır?
- “Araz-Naxçıvan” - “Qarabağ” oyununda Ağdam klubunun favorit olmasına heç kimin şübhəsi yox idi. Amma son dönəmlərdə “Qarabağ”ın qeyri-stabil oyunu və komandaların onlara qarşı daha aqressiv çıxış etməsi, komandaların “Qarabağ”a qalib gəlməsi, bərabərliyi ilə də nəticələnib. Bu cür olduqda çempionatda iştirak edən və sonuncu yerdə qərarlaşan “Səbail” belə “Qarabağ”a qollar vurmasının mümkünlüyünü anlayır. Buna görə də turnir cədvəlinin üst pillələrində olan komandaların hər biri çempionatın sonunda avrokuboklara yollanmaq üçün qazanılan hər xalın vacibliyini başa düşür və bunun üçün də bütün komandalara qarşı aqressiv oyun nümayiş etdirirlər. Ona görə də, düşünmürəm ki, “Araz-Naxçıvan” bu oyunda məğlub olacağını hesab edərək oyuna çıxmışdı. Oyunun ilk dəqiqələrində Elmar Baxşıyevin komandası daha istəkli və aqressiv oyun nümayiş etdirib hesabı açdı. Qoldan sonra da “Araz-Naxçıvan” imkan əldə etdikcə, hücum edərək ikinci qolu vurmaq istəyirdi. Sadəcə Kristian Avramın səhvi nəticəsində “Qarabağ” hesabı bərabərləşdirdi. “Qarabağ” bərabərlik qolunu vurmasaydı, ikinci hissənin daha maraqlı olacağına yəqin ki, heç kim şübhə etməzdi.
- Bu görüşdə ən çox diqqətçəkən məqam dava-dalaş idi. Yassin Benzianın Felipe Santosa jestindən sonra ara-qarışdı. Amma orda yalnız Santosa qırmızı vərəqə verildi. Sizcə, nəyə görə Kamal Umudlu “Qarabağ”dan heç kimə qırmızı vərəqə göstərmədi, qorxdu?
- Oyun ərzində nəinki Benziaya, bütün “Qarabağ” futbolçularına qarşı qaydalar çərçivəsində aqressiv oyun var idi. Bu da anlaşılandır. Çünki yuxarıda da qeyd etdiyim kimi, avroliqa mübarizəsi çempionatın sonlarına yaxın daha da aqressivləşəcək və son turlarda turnir cədvəlinin üst pillələrində qərarlaşan komandaların xal itirməsi bu mübarizəni bir az da sərtləşdirir. Benzianın o epizodda verdiyi reaksiya demək olar ki, bütün olayların başlanğıcı oldu. Təbii ki, Felipe Santosun reaksiyası da özünü gözlətmədi, amma burda təkcə “Araz-Naxçıvan”ın oyunçusunun cəzalanması Kamal Umudlu tərəfindən ədalətli olmadı.
- Daha bir diqqətçəkən məqam isə Musa Qurbanlının özündən çıxması idi. Ondan gözləntilər bu aqressiyanı Avropada oynadığı dövrdə göstərməsi idi, amma o aqressiyasını daha çox Felipe Santosun üzərinə şığıması ilə göstərdi. Musa Qurbanlı barədə düşüncəniz necədir?
- Əslində, Musa fikir verdinizsə, ilk olaraq mübahisəni sakitləşdirmək üçün yaxınlaşmışdı. Musanı yerə yıxdıqdan sonra aqressivləşdi. O ki, qaldı Avropada oynadığı dönəmə, məncə bu onun üçün böyük təcrübə oldu və Allah qoysa, gələcəkdə Musa Avropada oynayacağı təqdirdə, daha uğurlu olacaq.
- “Araz-Naxçıvan"ın Premyer Liqada işlərinin mövsümün əvvəlindəki kimi yaxşı getməməsi nə ilə əlaqədardır? Sizcə, bu komandaya qarşı hakimlər tərəfdən təzyiq, qərəz var? Onların yuxarı pillələrdə qərarlaşması həqiqətən kimlərinsə xoşuna gəlmir?
- Elmar Baxşıyev “Araz-Naxçıvan”ı təcrübəli və tanıdığı yaxşı futbolçulardan formalaşdırıb. Bu komanda ilə sezonun əvvəlində göstərdiyi nəticələr də göz qabağındadır. Sadəcə indiki dönəmdə digər komandalar “Araz-Naxçıvan”a qarşı oynayarkən, daha məlumatlı olaraq yanaşırlar. Yəni komandalar artıq bir-birlərinə qarşı üç dövrə oynayıblar. Heyətdə olan və ehtiyatda oturan bütün futbolçuları təhlil edərək incələyiblər. Fikir versək, görərik ki, çempionatın sonlarına qarşı bütün komandalarda bu cür nəticələr qeydə alınır. Ona görə belə fikirlər komandaya təsir etməməlidir və öz bacardığı futbolu daha da sürətləndirməlidir.
- “Qarabağ" avrokuboklardakı çıxışını dayandırdıqdan sonra daxili liqada necə görünür? Enişdədir, yoxsa yüksəlişdə? "Qızıl dubl" edə biləcəklər?
- “Qarabağ” avrokubok oyunlarını sonlandırdıqdan sonra düşünürdüm ki, artıq bu komanda xallarını çox rahatlıqla toplayıb, “qızıl dubl” edəcək. Amma indiki dönəmdə komandada sanki yerli çempionatda oynamaq həvəsi qalmayıb.