
"Qəbələ"nin kapitanı Asif Məmmədov apasport.az saytına müsahibə verib.
- Nəhayət ki, istədiyinizə nail ola bildiz, "Qəbələ" çempion oldu. Bu barədə düşüncələrin necədir?
- Mövsüm istədiyimiz kimi keçdi. Hədəfimiz çempionluq idi və bunun öhtəsindən gəlməyi bacardıq. İnşallah gələn mövsüm – Premyer Liqa haqqında fikirləşmək lazımdır.
- I Liqadakı şərait barədə nə deyə bilərsən?
- Şərait çox biabırçı bir vəziyyətdədir. Demək olar ki, bizi çıxmaq şərtilə qalan 9 komandanın da vəziyyəti yaxşı deyil. Son dövrdə Binə qəsəbə stadionunda yenidənqurma işləri aparıblar. Lakin soyunub-geyinmə otağı və digər yerlər yaxşı vəziyyətdə deyil, kiçikdir. Ümumiyyətlə bütün komandaların şəraiti acınacaqlı vəziyyətdədir.
- Gələcək karyeranla bağlı qərar vermisən?
- Mən yaş məsələsinə görə meydanda çox az iştirak edirdim. Gördük ki, komanda üçün hər şey yaxşı gedir, mən də kənarda qalıb gənclərin oynamalarına şərait yaratdım. Yaxın gələcəkdə karyeramı sonlandırmaq barəsində fikirləşirəm. Bu mövsüm gənclərə şans verdik ki, onların potensialı üzə çıxsın. Ötən mövsüm travma almasaydım, daha uzun illər oynamağı düşünürdüm. Amma gördüm ki, artıq yaş öz sözünü deyir.
- Bilirik ki, fikrini məşqçiliyə yönəltmisən. Planların necədir?
- Artıq məşqçilik üzrə birinci kursu tamamlamışam. "Qəbələ"də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Rəhbərliklə bu barədə danışacağıq.