İqor Mitreski: “Neftçi"də heç kim Anderssondan hesabat tələb etmədi?” - MÜSAHİBƏ
25.09.2024 - 10:40
İqor Mitreski: “Neftçi"də heç kim Anderssondan hesabat tələb etmədi?”  - MÜSAHİBƏ

"Neftçi"nin sabiq kapitanı İqor Mitreski apasport.az saytına müsahibə verib.

- "Neftçi" hazırda turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda 7 tur ərzində qələbə də qazana bilməyib. “Ağ-qaralar”ın hazırkı durumu kənardan necə görünür?
- "Neftçi"nin son turdakı "Qarabağ"la oyununa baxdım. Çox pis uduzdular. Heç "Qarabağ"a qarşı mübarizə də aparmadılar. Görünür ki, komandada vəziyyət o qədər də yaxşı deyil. Ona görə də, komanda olduğu yerdədir. Bu da futbolçuların komandaya yaxşı olmayan yanaşmasından irəli gəlir. "Neftçi" bu yerlərdə, bu səviyyədə olmamalıdır. Bunu hamımız yaxşı bilirik.

- Mövsümün əvvəlində "Neftçi" rəhbərliyi Roman Qriqorçuku baş məşqçi postuna dəvət etdi. Amma görünür ki, o da vəziyyəti düzəldə bilməyib. Səncə, niyə Qriqorçuk "Neftçi"də uğur qazana bilmir?
- Bəli, Roman Qriqorçuk "Qəbələ"də işləyib. Azərbaycan futbolunda yeni deyil. Onun Azərbaycanda işləmək təcrübəsi var. Ancaq "Neftçi"də vəziyyəti düzəldə bilməyib. Səbəbini bilmirəm. Ən yaxşısını klub rəhbərliyi bilir. Məni başqa məsələ maraqlandırır. Niyə heç kim seleksiyaya görə idman direktorundan sorğu-sual tələb etmədi? Andersson bu uğursuzluğa görə hesabat verdi? Komandanın nəticələrindən və futbolçulardan cavabdeh olan şəxs idi. Heç nə etmədisə, o, “Neftçi”yə niyə gəlmişdi? Bunu başa düşə bilmirəm. İsveçdən gəlmişdi, transferlər etmişdi. Niyə komandaya bu cür futbolçular dəvət edilib? Bunlar hamısı açıq suallardır.

- Birinci dövrənin sonuna iki tur qalıb. "Neftçi" autsayderlər sırasındadır. "Neftçi"də nəyi dəyişmək lazımdır?
- Necə dəyişiləcək? Təkcə, iki turu yox, bütün turları qalib başa vurmaq lazımdır ki, vəziyyəti dəyişsinlər. Bu gün qalib gəlib, sabah uduzacaqsansa, yenə də vəziyyət pis olaraq qalacaq. Toparlanmaq lazımdır. Təkcə bir tur üçün yox. Mövsümün sonuna qədər udmaq, lazımı səviyyədə oynamaq gərəkdir. "Neftçi" bugünkü durumda olmamalıdır.

- "Neftçi"də baş məşqçi dəyişkliyi vəziyyəti xilas edəcək? Səncə, əsas günahkar Qriqorçukdur? Qəribədir ki, o, hər şeyin daha yaxşı olacağını deyir. Amma ortada oyun yoxdur. Səncə, o, nəyə güvənib belə deyir?
- Hər 2-3 aydan bir məşqçinin dəyişdirilməsinin tərəfdarı deyiləm. Hər halda, klub rəhbərliyi hər şeyi daha yaxşı görür, baxır, bilir. Azərbaycanda da yaxşı mütəxəssislər var. Yerli məşqçi də dəvət etmək olar. Əsas olan oyunçu seleksiyasıdır. Yerli, legioner, kimi gətirirlər, yanaşma necədir, onların oyunlara yanaşması necədir? Bunlar hamısı önəmlidir. Tez-tez məşqçi dəyişikliyinə qarşıyam. Bir məşqçiyə 1-2 il şans vermək lazımdır ki, iş görsün. Yaxşı seleksiya da olmalıdır. Əvəzedici heyətə də baxmaq lazımdır. Futbolçular necə yetişir. Bütün bunlara nəzarət etmək lazımdır ki, onlar lazımı vaxtda əsas komandaya gələ bilsin. Yaxşı legionerlər də dəvət etmək lazımdır. 9-10 legioner yox, iki legioner olsun, amma yaxşı legionerlər olsunlar. 

- "Neftçi"yə bu yay cəlb edilmiş transferlərdən kimi xüsusi vurğulamaq olar? Səncə, hansısa futbolçu özünü xüsusi göstərə bilir?
- Komandanı görürük. 9-cu pillədədirlər. Halbuki "Neftçi" xalq komandasıdır, dəfələrlə ölkə çempionu olub. Hansı futbolçunu xüsusi dəyərləndirmək, qiymətləndirmək olar? Heç birini. 

- "Neftçi"nin kapitanlıq sarğısı Emin Mahmudovdan alındı. Səncə, Roman Qriqorçuk kapitanlıq sarğısını Emindən alıb Ramil Şeydayevə verərək, nəyi göstərmək istəyirdi?
- Baş məşqçi nəyi göstərmək istəyir, bilmirəm. Hər halda, o, hər şeyi daha yaxşı görür. Bəlkə anlaşılmazlıq və ya narazılıq var. Vəziyyətin bu yerdə olması haqda baş məşqçiyə və Emin Mahmudova sual vermək lazımdır. Lap kapitanı dəyişdin, nə olacaq? Heç nə. Amma kapitanı dəyişiblərsə, demək ki, komandada futbolçular arasında durum yaxşı deyil. Yəqin komandada nəsə pis gedir. İdman direktorundan da bu məsələlər haqda soruşmaq lazımdır. Niyə komanda bu durumdadır? İsveçdən gəlmişdi, niyə durum belədir? Hazırlıq üçün hər şey edildi. Yaxşı baza, stadion, yaxşı maaşlar... Yəqin ki, komanda daxilində nəyisə dəyişmək lazımdır. Amma "Neftçi"dəki hazırkı duruma görə şad deyiləm, üzülürəm. Ümidvaram ki, yaxşı olar.
 

writer photo
İsmayıl Xeyrullayev
0