"Növbəti oyunumuz “Qarabağ”a qarşı olacaq. Bizi asan matç gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır".
Apasport.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Mate Kvirkviya deyib.
O, klubun mətbuat xidmətinə müsahibə verib. Gürcüstanlı oyunçu "Qarabağ"la matç barədə danışıb:
"Qarşıdakı oyunun çətinliyi, bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Ona görə də çempionatda yaranan fasilə müddətindən yaxşı yararlanmağa çalışdıq. “Qarabağ” ilə bu çempionat 3 dəfə qarşılaşmışıq. Bizim istədiymiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Qəbələdəki son matçdan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma mən hər gün daha yaxşı olmağa çalışıram. “Kəpəz” mənim üçün böyük klubdur, çox önəmlidir. Bu səbəbdən istəyim böyükdür. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. İndi son dövrəyə başlayırıq. Dəstək həmişəkindən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".
Qeyd edək ki, "Kəpəz" 27 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.