Miodraq Bojoviç: "Bu baxımdan bizim bəxtimiz gətirdi"
18.02.2024 - 22:01
Miodraq Bojoviç: "Bu baxımdan bizim bəxtimiz gətirdi"

"Oyun kifayət qədər çətin keçdi. "Zirə" strukturlu və komanda şəkildə oynayır. Bilirdik ki, onlar az qol buraxan və az qol vuran komandadır. Rza Cəfərov iki epizodda bizi qoldan xilas etdi. "Zirə" qol vura bilərdi. Bu baxımdan bizim bəxtimiz gətirdi. Ondan sonra oyun nisbətən daha bərabər şəkildə keçdi. Bir qol vurduq, ikinci yarıda da epizodlarımız var idi, vursaydıq, oyun daha rahat alınardı. Oyun sona qədər gərgin keçdi və hakimin final fitini gözləyirdik".

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 23-cü turunun "Zirə" ilə matçından (1:0) sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk mətbuat konfransınızda bildirmişdiz ki, komandanın yaxşı nəticələr göstərməsi üçün altı həftə lazımdır. Altı həftə keçib, amma müdafiədə səhvlər, hücumda problemlər davam edir. Bu problemlərin həll olunması üçün nə qədər vaxt lazımdır?
- Çox yaxşı qeyd etdiniz. 28 gün ərzində 7 oyun keçirmişik. Hər dörd gündən bir oynayırıq. Biz bura gələndə, zədəlilərin sayı kifayət qədər idi. Alfa Konte və Brayan Moreno çempionatın başlamasına iki gün qalmış komandaya qoşuldular. Qara Qarayev və Filip Ozobiç oktyabr-noyabrdan oynamırdılar. Eyni zamanda da, komandadakı yaş faktoru öz sözünü deyir. Bu baxımdan, bərpa üçün daha çox vaxt lazımdır. Sabit dövr olmalı idi. Faktiki olaraq, biz bir həftə Türkiyədə, iki həftədir ki, burada çalışırıq. 

- "Neftçi"nin əvəzedici heyəti yaxşı oyun göstərir. Oradan kimlərisə əsas komandaya cəlb etmək fikriniz var?
- Oyunçularımız kifayət qədərdir. Amma əsas komandada zədəli oyunçularımız var. Bizə onlarla keyfiyyətli şəkildə işləmək lazımdır. Məşqlərə oyunçu lazım olanda, əvəzedici heyətdən futbolçu dəvət edirik.

- Sizin üçün prioritet nədir, nəticə, yoxsa yaxşı oyun?
- "Araz-Naxçıvan"a məğlubiyyətdən sonra komandada ab-havanın, əhval-ruhiyyənin və özgüvənin artması baxımından üç xal daha önəmli idi.

- "Zirə"nin vurduğu və ləğv edildiyi qoldan öncə qayda pozuntusu qeydə alındı. Rəqibin baş məşqçi bildirdi ki, orada heç bir fouldan söhbət gedə bilməz. Həmin epizodla bağlı fikriniz necədir, həmkarınızla razısız? 
- O, mənim həmkarımdır. Onun sözlərinə şərh verməyəcəm.

- Rəqib sizdən oyun planında üstün idi. Sizə elə gəlmir ki, "Zirə" hesabı ilk dəqiqələrdə açsaydı, oyunun taleyi başqa cür olacaqdı?
- Nəsə demək çətindir. Yəqin ki, daha çətin keçərdi. Bəxt də faktorlardan biridir. Bu, bilirsiz nəyə oxşayır? Baba nənə olsaydı, necə olardı?

- Bu gün "Neftçi"nin bəxti gətirdi, "Zirə"nin bəxti gətirmədi?
- Hər ikisi.

- Əsas rəqiblərinizdən olan "Qarabağ" bu həftə Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub etdi. Onların qələbəsini necə dəyərləndirirsiz?
- Mən çox sevinirəm. Çünki "Qarabağ" Azərbaycan futbolunun klubudur. Avropadakı istənilən qələbə Azərbaycandakı futbolun səviyyəsini yüksəldir. Azərbaycanda nə qədər işləsəm, avrokuboklarda oynayan bütün klublarınıza azarkeşlik edəcəm. Əlbəttə ki, "Qarabağ" - "Neftçi" oyunlarında özümüzə azarkeşlik edəcəm.

writer photo
İsmayıl Xeyrullayev
0