Ötən günlərdə AFFA İcraiyyə Komitəsinin qərarı ilə çempionatda komanda sayı 10-dan 12-yə qaldırıldı.
Bununla da, növbəti mövsüm Misli Premyer Liqasında mübarizə daha da güclənəcək. Reqlamentə görə, sonuncu pillənin sahibi elitanı tərk edəcək, I Liqanın ilk 3-lüyü isə Premyer Liqaya yüksələcək.
Bu ada ən real namizədlərdən biri də “İmişli” klubudur. Aran təmsilçisi hələ ötən mövsümdən elitaya vəsiqə üçün mübarizə aparır.
Komanda keçən mövsümə uğurlu start versə də, sonluqda itirilən xallar nəticəsində mübarizədən kənarda qaldı.
Bu səbəbdən azarkeşlər və futbol ictimaiyyəti “İmişli”dən bu mövsüm daha çox şey gözləyir. Düzdür, ötən ilə nisbətən bu mövsüm komandanın qarşısında daha güclü rəqiblər var. Buna baxmayaraq, Aran təmsilçisi inamla irəliləyir.
Komanda 21 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “İmişli” yalnız “Qəbələ” və “Karvan”dan geri qalır. Həmçinin aranlılar “qırmızı-qaralar”dan sonra ən az qol buraxan komandadır.
Klub 2023-cü ilin yayında özünə inamlı sponsor tapdı. “RDC Group” həmin dövrdən “İmişli”yə tərəfdaşlıq və ciddi maliyyə dəstəyi göstərir. Bunun nəticəsidir ki, komandanın heyəti Premyer Liqa təcrübəsi olan yerlilərdən və legionerlərdən təşkil olunub. “İmişli”nin 3-ü Braziliyadan, biri Belarusdan və biri Nigeriyadan olan 5 əcnəbi futbolçusu var.
Hətta komandanın iki fərqli heyətə malik olduğunu da söyləmək lazımdır. Bunun bir neçə dəfə şahidi olmuşuq. I Liqa klubu üçün iki fərqli heyətə sahib olmaq çox yüksək göstəricidir.
Komanda ev oyunlarını Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirir. 8500 tamaşaçı tutumu olan arena üçün Premyer Liqa oyunları yad deyil. Belə ki, rayonun tarixi klubu “MKT-Araz” da matçlarını həmin stadionda keçirib.
Əslində böyük əksəriyyət “İmişli”ni həmin klubun məntiqi davamçısı hesab edir. Bu, rəsmən belə olmasa da, 2022-ci ildə yaranan klub eyni rayon, stadion və azarkeş kütləsinə sahibdir.
Premyer Liqa təcrübəsinə sahib rayonda azarkeş mədəniyyəti də yaxşı səviyyədədir. “İmişli”nin bütün oyunlarına olmasa da, önəmli matçlarına ciddi fanat kütləsinin gəldiyini söyləmək olar.
Hətta “MKT-Araz” avrokubokların iştirakçısı da olub. Həmin stadion UEFA Kuboku və UEFA İntertoto Kuboku matçlarına da şahidlik edib.
Komanda 2006-07 mövsümündə İntertoto Kubokunda “Tiraspol”la qarşılaşıb. Evdə rəqibini minimal hesabla məğlub edən təmsilçimiz səfərdə 0:2 hesabı ilə məğlub olub və mübarizəni dayandırıb.
Həmin mövsüm “MKT-Araz”ın Premyer Liqada son mövsümü olub. 13 komanda arasında 5-ci pillədə qərarlaşan İmişli klubu ölkə kubokunda finala yüksəlib. Həlledici görüşdə “Xəzər Lənkəran”a uduzan komanda gümüş medallara sahib çıxıb – 0:1.
Bu nəticə ilə yenidən avrokuboklara yüksələn aranlılar UEFA Kubokunda “Qrotslin”lə qarşılaşıb. “MKT-Araz” iki oyunun nəticəsinə görə 0:1 hesabı ilə məğlub olub. Həmin uğursuzluqdan sonra klub rəhbərliyi komandanın çıxışını dayandırmağa qərar veriblər. “MKT-Araz” növbəti mövsüm çıxışını Birinci Dəstədə davam etdirib.
Həmin gündən elitada İmişli təmsilçisi çıxış etmir. “İmişli”nin 18 ildən sonra həmin sindroma son qoymağa yüksək şansı var. Həm “MKT-Araz” dövründən qalan stadion, baza, futbol kadrları, həm də azarkeş kütləsi buna imkan verir.
“İmişli” mövsümün əvvəlində həmin stadiona “əl gəzdirdi”. Ot örtüyü yeniləndi və arena ilə bağlı bəzi problemlər yoluna qoyuldu. İndi qalır yalnız stadionun tribunalarını yeniləmək. Klubun baza və akademiyası da var. Ki, bu I Liqa təmsilçisi üçün müsbət haldır.
“İmişli”nin 8 yaş qrupunun 4-ündə komandaları təmsil olunur. AFFA-nın Lisenziya qaydalarına əsasən, Premyer Liqaya namizəd sayılmaq üçün U-11-14 yarışlarından ikisində komandanın olması mütləqdir. Aran təmsilçisinin komandaları isə bu turnirlərin 4-ündə də mübarizə aparır.
Komandanın baş məşqçisi Fərid Namazov da bu barədə nikbindir. O, saytımıza açıqlamasında lazımi şəraitin olduğunu vurğulayıb:
“Əksər komandalarda 23 nəfərin hamısı əsas heyət üzvü olmur. 16-17 futbolçu start heyət, digərləri isə sayı düzəltmək üçün kollektivə cəlb olunur. Şükürlər olsun ki, bizdə durum belə deyil. Baza şəraitində yaşamağımız isə bizim üçün əlavə üstünlükdür. Bu, "Qəbələ"yə də aiddir. Çünki istədiyimiz vaxt komanda ilə birlikdə ola bilirik. Oyunçularımıza xüsusi proqram tərtib etmişik. Bilirik ki, Azərbaycan futbolunda fitness anlayışı aşağı səviyyədədir. Biz isə, futbolçularımızla trenajor məşqləri keçirik”.
Gördüyünüz kimi, “İmişli” köhnə düşüncələri geridə qoymağı bacarıb. Klub yenilikçi addımlarla Premyer Liqaya doğru irəliləyir. İnamlı addımlarla, sakit-sakit elitanın qapısına doğru yaxınlaşırlar. İmişliyə yenidən böyük futbolu qaytarmaq, azarkeşləri sevindirmək üçün bundan yaxşı fürsət ola bilməz…
İsmayıl Xeyrullayev