
Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən özündən söz etdirməyi bacardı. Həmyerlimiz “Nürnberq”in heyətində çıxdığı son matçda het-trik müəllifi oldu. Həm də ilk hissədə.
Yığmamızın üzvü bu mövsüm komandanın heyətində çıxdığı 25 matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.
Onun bu çıxışı azarkeşlərin qəzəbinə səbəb oldu. Fanatlar Mahiri komandada görmək istədiklərini, rəhbərliyin onu buraxacaq qədər düşüncəsiz olduğunu bildirdilər. Onların fikirlərinə görə, Emreli yüksək liqada oynamaq potensialı olan faydalı forvarddır.
Apasport.az almaniyalı azarkeşlərin fikirlərinin bir qismini diqqətinizə çatdırır:
M.K.: “Necə də pis bir qərardır. Görünür, komandada qalmaq istəmirdi. Mənim üçün möhtəşəm futbolçudur və mentaliteti canavar kimidir. Bizim üçün çox böyük bir itkidir!”.
M. Ş.: “Bəlkə hələ də qalmaq barədə nələrsə düşünür. Əvəzetmə zamanı Miro (Miroslav Kloze) ilə səmimi şəkildə qucaqlaşdılar. Amma artıq barışmaq üçün çox gec idi… Digərlərinin istədiyimizi bacaracaqlarından şübhə duyuram. Bundan sonra hansısa hücumçumuzun ikirəqəmli qol sayına çatacağına sadəcə ümid edə bilərik”.
M. Z.: “Sizin istəyiniz qol vurmağı bacaran futbolçu tapmaq deyil? Bu gənc tam istədiyimiz oyunçudur. Daha nə istəyirsiz? Qol vuran bütün hücumçuları nə üçün satırsız? Bunun ancaq ziyanını görürük”.
U. U: “Emreli komandaya yeni qoşulanda zədəli idi. Bu səbəbdən də onunla nisbətən aşağı məvaciblə müqavilə imzalandı. İndi isə daha çox pul tələb edir. Çatzi (klubun idman direktoru) Mahirə daha yaxşı şərtlərlə yeni müqavilə təklif et. Elə indi!”.
H. Ş.: “Məncə, yaxşı mövsümü geridə qoyduq. Amma növbəti sezon çempionluğa oynamaq istəyiriksə, Antiste və Emreli komandada qalmalıdır. Onların bacarıqlarına bələd olduq. Məsələ sadəcə puldursa, başa düşə bilmirəm. Transferlərdən xeyli pul qazanmışıq, istədiklərini verin”.
D. K.: “… və qol vurmağın nə olduğunu çox yaxşı bilən futbolçulara vida edirik. Təəssüf ki…”.
S. B.: “Son oyun üçün çox yaxşı performans idi. Xahiş edirəm, Emrelini və mümkündürsə, Antisteni komandada saxlayın”.
U. K.: “Heyətində Emreli kimi futbolçu var, amma sən ondan qurtulmaq istəyirsən…”.
N. H.: “Emreli bu gün özünü göstərir. Klozenin bu adamın gedişinə imkan verməsi çox böyük bir xətadır”.
F. İ.: “Emrelini təkrar düşünün! Belə bir futbolçunu transferdən pul qazanmadan itirmək çox böyük səhvdir!”.
E. Z.: “Emreli əsla əldən buraxılmamalıdır. Zədəli olsa belə, komandada qalmalıdır. Daha öncə də yazmışdım, Mahir son oyunların ən yaxşılarındandır. Növbəti mövsüm uğur qazanmaq istəyirsizsə, belə futbolçulara ehtiyacımız var”.
A. H.: “Nə olar, getmə. Bir az gözlə, Emreli! Xahiş edirəm”.
L. Ş.: “Emreli komandada qalmalıdır! Xahiş edirəm, qərarınızı təkrar nəzərdən keçirin. Onu komandanın lideri edin və 20 milyonluq sərbəstqalma maddəsi ilə 4 illik müqavilə imzalayın”.
M. A.: “Emrelini pul qazanmadan buraxmaq son illərin ən axmaqca hərəkətidir. Pis qoxulu çəkmələrinizlə irəli gedib, geri gəlin. Heyətdə peşəkar futbolçuya ehtiyacınız yoxdur…”.
H. H.: “Emrelini əlinizdən necə buraxa bilirsiz?”.
E. R.: “Mən əvvəldən Emreli azarkeşi idim. Ona daha yaxşı davranılmalıydı. Mahir milli futbolçudur. İndi Bundesliqaya gedir. Oturub izləyərsiz”.
A. Ş.: “Emreli ilə daha bir kofe içə bilərəm? O, dahi bir futbolçudur və növbəti mövsüm 15-20 qol vura bilər!”.
M. O.: “Belə futbolçuları heyətdə saxlamamaq… Bunun arxasında başqa səbəblər olmalıdır. Əks halda, ağlasığmaz bir addımdır”.
P. Ş.: “Nə olursa-olsun, Emreli bizimlə qalmalıdır!”.
K. K.: “Emrelini belə asanlıqla başqasına təslim etməzdim”.
E. B.: “Emrelinin müqaviləsini uzatmayacaq qədər axmaq olmayın. Tsimasın gedişindən sonra üst səviyyədə performans sərgiləyən Emrelini komandada saxlayın”.
S. N.: “Emrelini tənqid edənlər indi səssizcə izləyirlər”.
O. L.: “Sadəcə onu komandada saxlayın!”.
R. M.: “Emrelini niyə komandada saxlaya bilmirsiz?”.
M. S.: “Tsimas və Emrelinin yerini necə dolduracağıq? Yenidən sıfırdan başlayırıq”.
Q. S.: “Təəssüf ki, gedir”.
Qeyd edək ki, Mahirin karyerasını Bundesliqada davam etdirəcəyi gözlənilir.