
Misli Premyer Liqasının XXXI turunun "Qarabağ" - "Neftçi" matçından (3:0) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Çox vacib qələbə qazandıq. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı saxlaya bildilər. "Neftçi" bir neçə yaxşı qol epizodu yaratdı. Bu, onların gücündən xəbər verir. "Neftçi"yə, Samir Abasova uğurlar arzulayıram".
- 90 dəqiqə ərzində təzyiqi davam etdirməyinizi "Araz-Naxçıvan"la kubok oyununa hazırlıq kimi xarakterizə etmək olar?
- Yox. Belə planımız yox idi. Yanvar ayından bu yana bizim məşq etmək üçün bu qədər vaxtımız olmamışdı. Komandanı daha yaxşı bərpa etməyə 8 gün vaxtımız var idi. Bu gün göründü ki, həmin mikro tsikldən yararlana bilmişik. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruyub-saxlaya bildilər.
- Kevin Medinanın yayda müqaviləsi bitir. O, komandada qalacaq?
- Medinanın 4 oyundur oynamaması o demək deyil ki, onun oyunundan razı deyiləm. Mateus Silva özünü yaxşı göstərdiyi üçün ona daha çox şans vermək istəyirəm. Müqaviləsi bitmir. Səhv etmirəmsə, hələ bizimlə 2 illik sözləşməsi var. Qarşıdakı oyunlarda ona şans verməyə çalışacağıq.
- Bir həftə əvvəl "Səbail"lə oyundan sonra demişdiz ki, nə olursa-olsun oyun günü komandanın yanından ayrılmaq istəmirəm. Bu gün güləşçi Hacı Əliyevin obyektinin açılışında iştirak etmisiz. Bu da ictimaiyyət arasında birmənalı şəkildə qarşılanmır. Sizcə, İcraiyyə Komitəsindəki həmkarlarınız sizdən küsməz?
- Buna bir az fərqli yanaşmaq lazımdır. Oyun günü məşqimiz olan gün də olur, olmayan gün də. Digər tərəfdən İcraiyyə Komitəsində 10-15 dəqiqəlik yığıncaq olmur. Orada saatlarla müzakirələr gedir. İclasda iştirak edə bilməyəcəyimi əvvəlki gündən bildirirəm. Biz bir-birimizi anlayırıq. Bu gün Hacının kiçik biznesinin açılışına gedib təbrik etdim, uğurlar arzulayıb tez qayıtdım.
- Abbas Hüseynov rəqabətdə uduzur ki, onun mövqeyində Toral Bayramov oynayır?
- Abbasın ikinci zədəsi olmuşdu. Artıq komanda ilə məşqlərə başlayıb. Çox yüklənən əzələsində problem var idi. Onu birdən-birə oyuna buraxmaq riskdir. Qarşıdakı oyunlarda yavaş-yavaş şans veriləcək.
- Çoxlu qol epizodlarını qaçırmaq sizi narahat etmir?
- Bəli, qol epizodlarımız çox oldu. Çox da narahat etmir. Bir var epizoda məsuliyyətsiz yanaşmaq, bir də var qol vurmaq istəyi. Bu gün istək həddindən artıq çox idi. Daha çox qol epizodları Kadi Borgesdə oldu. Onun ustalığı həmin epizodlardan yararlanmağa şərait yaradır. Növbəti oyunlarda daha dəqiq olar.
- Nəriman Axundzadə bu mövsüm 37 oyunda 10 qol vurub, 12 assist edib. Ondan istədiyiniz performansı ala bilirsiz?
- Nəriman son vaxtlar yaxşı mənada dəyişib. Bir müddət əvvəl öz idman formasından uzaq idi. Bizim daim diskussiyamız olur. Daha yaxşı, işgüzar olmalıdır. Tək Nəriman yox, hər biri. Futbola bir az sevgin, həvəsin azaldısa, oynamağa ehtiyac yoxdur. Çünki tələblər çoxdur. Nərimandan tam razı deyiləm. Öz üzərində daha çox çalışsa, futbolu daha çox düşünsə, potensialı daha yüksəkdir. 11-12 qol yox, bu gün bombardirlər sırasında olmalı idi. Həm də olmağa borcludur.
- Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatır. Onu yayda komandaya gətirmək istəmirsiz?
- Mətbuatda oxudum ki, klubu ilə yeni müqavilə barədə danışıqlar aparır. Mahirlə heç bir danışığımız olmayıb. Onun məqsədi Avropada oynamaqdır. Orada oynamağı daha məsləhətlidir.
- Musa Qurbanlının ayrıldığı "Yurqorden" Konfrans Liqasında yarımfinala yüksəldi. Musa oradan ayrılmağına peşman deyil?
- Bu barədə danışmamışam. Məncə, peşmançılığa ehtiyac yoxdur. Belə hallar futbolun bir hissəsidir. Geriyə yox, önə baxmaq lazımdır. "Budo Qlimt" yarımfinala çıxmağa layiq idi. Qalib gəlməyimizə baxmayaraq mənim diqqətimi cəlb edən komanda olmuşdu. Adlı-sanlı klublara 3-4-5-6 qol vurublar. Ələlxüsus öz meydanlarında yaxşı oynayırlar. Özlərinə xas olan futbol fəlsəfələri var. Vaxtım olsa, ora təcrübəyə də gedərəm. Belə ortabab klubların bu yerlərə gəlib çıxması həmişə diqqətimi cəlb edir. Yarımfinala "Tottenhem"lə düşdülər. "Budo Qlimt"in yolu bizim keçən ilki Avropa yolumuza oxşadı. Sadəcə biz son dəqiqələrdə "Bayer"ə məğlub olduq. Bizim də yarımfinala çıxmaq şansımız var idi. Bizim qarşıladığımız rəqiblərdən biri finalda olacaq. Hər ikisinə uğurlar arzulayıram.
- Yassin Benzianı növbəti mövsümdə də komandada görmək istəyirsiz?
- İstəyərəm. Danışıqlar gedir, təklif olunub. Qarşıda bir neçə ay var. Bəlkə də mövsümün sonunda bilinəcək.