Rəşad Sadıqov: "Siyahımız var, ona uyğun danışıqlar aparırıq"
13.02.2024 - 21:11
Rəşad Sadıqov: "Siyahımız var, ona uyğun danışıqlar aparırıq"

“Hər iki komanda çox istəkli idi. Həm turnir cədvəli baxımından, həm də bu iki komanda arasında oyunlar hər zaman maraqlı keçir. Bu gün də bunun şahidi olduq. İlk dəqiqələrdə texniki səhv nəticəsində qapımızda penalti gördük. Sonradan oyunu bərabərləşdirib, üstünlüyü ələ aldıq. İstəkli oynadıq. Mehdi Cənnətovun gözəl bir qurtarışı da var. İkinci hissədə də hücumlarımız oldu. Amma top itkiləri çox olurdu. Burada meydança amili də var. Bu gün ideal vəzyyətdə deyildi. Rafael Utziqin təhlükəli epizodu oldu. İstifadə edə bilmədik. Artıq bu matçı unudub növbəti oyuna hazırlaşacağıq”.

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sumqayıt"la oyunundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün “Sumqayıt” iki xal itirdi, yoxsa, “Zirə”?
- Turnir cədvəlini nəzərə almasaq, hər iki komanda bir xal qazandı. Amma turnir cədvəlini nəzərə alsaq, evdə oynayırdıq, istəyirdik ki, qələbə qazanaq və xallarımız bərabərləşsin. Lakin epizodlardan istifadə edə bilmədik. 5-6-cı turlar olsaydı, hər iki komanda bir xaldan məmnun qalardı.

- Kubok oyunlarındakı yorğunluq komandaya təsir etdi?
- Əslində bu, ikinci hissədə hiss olundu. İlk yarını yüksək səviyyədə keçirdik. İkinci yarıda isə texniki səhvlər və top itkiləri çox oldu. Müdafiədən çıxarkən boşluqlardan yararlana bilmədik. Qeyri-dəqiq ötürmələrə yol verdik. Sıx qrafikdən keçirik. 4 gün əvvəl vacib qələbə qazandıq.

- Komandada hücumçu qıtlığı var. İkinci yarıda İlkin Muradov və Abbas İbrahimi meydana buraxdız. Bu, hesabı qorumaq üçün atılmış addım idi?
- Rəhim və Eldarda yorğunluq hiss etdim. Ehtiyatda yeganə hücumameyli oyunçu Salifu Suma var idi. Onu da 60-cı dəqiqədə meydana buraxdıq. Yenə hücumu gücləndirmək istəyirdim. Təəssüf ki, ehtiyatda oyunçumuz yox idi.

- Davit Volkovun keçidi hələ də aktualdı? Yoxsa, başqa hücumçu axtarırsız?
- Axtarırıq. Siyahımız var, ona uyğun danışıqlar aparırıq. Hər an hər şey baş verə bilər. Volkov mövzusuna cavab vermək istəmirəm. Hücumçu axtarırıq. Danışıqlar gedir. Alınsa, götürəcəyik.

writer photo
İsmayıl Xeyrullayev
0