Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”
23.05.2025 - 10:46
Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”

“Səbail”in futbolçusu Rüfət Abdullazadə apasport.az saytına müsahibə verib.

- “Səbail” artıq Premyer Liqadakı yerini itirdi. “Zirə” ilə görüşdə komanda uğurlu nəticə qazana bilmədi. Amma buna çox yaxın idiz. Hazırda vəziyyət necədir?
- Son oyunlarımızın hər birində qələbəyə çox yaxın olmuşuq. Yaxşı oyunlar keçirirdik. Amma heç cürə qələbə qazana bilmirdik. Çox istədik ki, Premyer Liqadakı yerimizi qoruyaq, amma alınmadı. İndi məşqlərimizi davam etdiririk, son matçımıza hazırlaşırıq.

- Komanda sonuncu tura formal xarakterdə çıxacaq. Yoxsa, son turda qapını bərk çırpmaq üçün oynayacaqsız? 
- Bu turda qələbə qazanmaq istəyirik. Azarkeşlərimizə az da olsa, motivasiya vermək niyyətindəyik. Çünki bütün mövsüm bizim yanımızda olublar. Onlara təşəkkür edirəm.

- Ümumiyyətlə, səncə, ötən mövsümün əvvəlində iddialılar sırasında olacağı ehtimal edilən "Səbail" niyə Premyer Liqadan düşdü? Əsas səbəbi nədə görürsən?
- Ötən mövsüm bizim hədəflərimiz fərqli idi. Bu mövsüm isə başqa oldu. 2024/25 mövsümünün başlanğıcında çox xallar itirdik. Bu da öz təsirini göstərdi.

- Əslində, mövsümün gedişində "Erzurumspor"a gedişin gözlənilirdi. Yəqin ki, "Səbail"i çətin durumda buraxmamaq və kömək olmaq üçün komandada qaldın?
- Bəli, “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum.

- Bəs, yeni sezona I Liqada başlamağı düşünürsən? Yoxsa, Premyer Liqa klublarından birinə keçəcəksən?
- Mənim arzum legioner həyatı yaşamaqdır. Ümid edirəm ki, mənim üçün yaxşı bir yol olar. Hələ ki tam qərarımı verməmişəm.

- Yeri gəlmişkən, ölkə xaricinə yollanmağın, Türkiyəyə getməyin nə dərəcədə realdır? "Erzurumspor" yenə də səninlə maraqlanır?
- Dediyim kimi, legioner həyatı yaşamaq istəyirəm. Özümü də buna hazır hiss edirəm. Ancaq “Erzurumspor” məsələsindən məlumatım yoxdur.

- Səncə, ölkə xaricinə yollanası olsan, nəhayət ki, Azərbaycan milli komandasına dəvət ediləcəksən? Yoxsa, elə fikirləşirsən ki, Santuşun açıqlayacağı siyahıda səni də görə bilərik?
- Təbii ki, milli komandaya dəvət edilən futbolçuların siyahısında yer almaq istəyərəm. Hər halda, son qərarı məşqçilər korpusu verir. Millidə oynamağa, komandamıza kömək etməyə hər zaman hazıram.