Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.
Arenanın UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.
“Qarabağ”ın 1993-cü ilə qədər ev matçlarını keçirdiyi stadion 1952-ci ildə istifadəyə verilib. Tutumu 2000-dən 5000-ə qədər azarkeşə çatan arena Ağdamın mərkəzi stadionu hesab olunurdu.
Burda son görüş mayın 12-də baş tutub. Komanda Tovuzun “Turan”ını qəbul edib. Azərbaycan kubokunun yarımfinal qarşılaşması meydan sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnib – 1:0.
Həmin oyunda Yaşar Hüseynovun vurduğu qol “İmarət”də qeydə alınan sonuncu top olaraq tarixə düşüb. Görüşün hakimi Rüstəm Rəhimov isə burda fit çalan axırıncı referi olub.
“İmarət”də sonuncu sarı vərəqəni “Turan”ın futbolçusu Vəli Hüseynov alıb.
Həmin ilin mayın 9-da isə bu arenada ölkə çempionatının son matçı baş tutub. “Qarabağ” “Xəzər”i (Sumqayıt) qəbul edib – 1:0. Görüşdə qırmızı vərəqə ilə cəzalandırılan Aqil Məmmədov “İmarət”də meydandan kənarlaşdırılan axırıncı oyunçu kimi tarixə düşüb.
Ağdamın mərkəzi stadionunda 11 metrlik nöqtəyə son yaxınlaşan futbolçu isə Mehman Alışanov olub. Onun yerinə yetirdiyi penalti zərbəsi qolla nəticələnib.
Qeyd edək ki, “Qarabağ”ın tarixi dövrünə və uğurlarına şahidlik etmiş arena 1993-cü ildə Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra yerlə yeksan edilmişdi.
İsmayıl Xeyrullayev
- Kurban Berdıyev: "Topun xətti keçməsi videotəkrarda görünmədi"
- San-Marino Millisi: Kiçik Ölkənin Böyük Qəhrəmanları
- Adil Şükürov: “Fikrimcə, Azərbaycan millisi birincilik uğrunda gərgin mübarizəyə qoşula biləcək”
- “Çelsi”də kütləvi ayrılıq
- Ruslan Qafitullin: “Unutmayın ki, 3 oyunu "Qarabağ"la oynamışıq”