Futbol üzrə Azərbaycan millisi sabah növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində İsveçi qəbul edəcək.
Qarşılaşmadan öncə komandamızın kapitanı Emin Mahmudov mətbuat konfransında iştirak edib:
"Sabah bizi çox yaxşı komandaya qarşı matç gözləyir. Yaxşı oyun göstərməyə çalışacağıq. Bilirik ki, yaxşı futbolçuları var. Bizim məqsədimiz var. Qalib gəlmək istəyirik".
- İsveç revanş almaq istəyəcək. Motivasiya necədir?
- İsveçə qarşı son oyun karyeramın ən yaxşı matçlarından biri oldu. Komandaya kömək edəcəm. Allah qoysa, yaxşı oynayarıq.
- Fernandu Santuşla ilk dəfədir çalışırsız...
- Normal bir məşq keçirdik. Yavaş-yavaş onun oyun fəlsəfəsini həyata keçiririk.
- "Neftçi"də əhval-ruhiyyə yaxşı deyil. Millidə bunu unutmaq üçün nə edirsən?
- Heç vaxt klubdakı problemləri milliyə gətirməmişəm. Çalışmışam ki, ayrı-ayrı yanaşım. Milliyə gələndə heçnə düşünmürəm. Problemlər çox olur. Amma kənara qoyub, millini düşünürəm.
- Ötən qalibiyyətin təsadüf olmadığını sübut etmək üçün nə edəcəksiz?
- Maksimum diqqətli olmalıyıq. Bizi çox yaxşı rəqib və çox güclü oyunçular gözləyir. Çalışacağıq ki, mübarizə göstərərək, öz futbolumuzu oynayaq.
- Hansı futbolu oynayacağıq?
- Bir günlə heç nə dəyişə bilmərik. Çox kompakt, topla oynamağa çalışacağıq. Alınacaq ya, yox, bunu zaman göstərəcək. Çalışacağıq.