
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" - "Qarabağ" matçından öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Çox vacib oyuna çıxacağıq. İlk görüşün burada keçirilməsi rəqib üçün üstünlükdür. Çünki çox yaxşı komandaya qarşı iki uğurlu oyunla qazanılan qələbədən sonra bizi qəbul edirlər.
Çox istəkli komanda ilə oynayacağıq. Komandamın bu gün matça tam hazır olduğunu deyə bilərəm. Sabahkı görüşdə meydanda sona kimi xarakterimizi göstərməliyik. Bu amil çox vacib olacaq. Çünki "Şkendiya" möhkəm, istəkli komandadır. Yaxşı oyun sərgiləməyə, axıra qədər mübarizədən qopmamağa və uğurlu nəticə ilə dönməyə çalışacağıq.
Həm "Ludoqorets", həm də "Ferentsvaroş"a qarşı oynamışıq. Hər iki komanda ciddi rəqibdir. İstənilən halda onlardan biri ilə görüşümüz azarkeş nöqteyi nəzərdən maraqlı olacaq. Çünki bir-birimizi tanıyırıq. Bəlkə də, bu rəqiblər barədə biz daha çox düşünməli, təhlil etməli olacağıq".