"Qrupun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu həmişə öndə olub, orada yaxşı futbolçular yetişib. Əbəs yerə 6 oyuna 18 xal toplamayıblar. Çox güclü rəqibə qarşı oynadıq. Bundan öncə də İngiltərə ilə oynamışdıq. Futbolçuları bu matça fiziki və psixoloji cəhətdən hazırlamaq çətin oldu. Rəqibin qoluna kimi müqavimət göstərirdik. Qol buraxdıqdan sonra yüz faizlik epizodumuz oldu. Nəriman Axundzadə yararlana bilsəydi, bəlkə başqa cür olardı. Hesab 0:2 olandan sonra futbolçular dərk edir ki, artıq oyunu çevirmək çətin olacaq. Oyunçularımız I Liqada, əvəzedici heyətdə çıxış edir. Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idi. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik. Artıq görəndən sonra ki, oyunu çevirə bilməyəcəyik, daha gənc futbolçuları meydana buraxdıq".
Apasport.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev deyib. O, AVRO-2025-in seçmə mərhələsinin Ukrayna ilə matçından (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb:
- Növbəti oyun 6 ay sonra Lüksemburqa qarşı olacaq. Ümidiniz var ki, bu müddətdə nəsə dəyişəcək?
- Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. İyul ayında UEFA-nın pəncərəsi var. Yoldaşlıq görüşləri nəzərdə tutulub. Başqa turnirlər də var. AFFA-ya yeni rəhbərlik gələcək. Maliyyə lazımdır. Həmin pəncərə zamanı mütləq oyunlar keçirməliyik.
- Əsas heyətdə minimum 8 futbolçu Premyer Liqada oynamırsa, U-21-dən nəticə gözləməyə dəyməz?
- Mənim yerimdə kim olur-olsun, çətin məsələdir. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindir. Amma olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, I Liqada və əvəzedicilər liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdır. I Liqada oynayanlar çatdırmır. Bu, bu günün problemi deyil.