Rəşad Rəsullu: “Onların inkişafı daha vacibdir”
03.05.2025 - 18:04
Rəşad Rəsullu: “Onların inkişafı daha vacibdir”

“Biz burada nəticə yox, yaxşı idmançılar qazanmaq istəyirik”. 

Apasport.az saytının Qubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

Qurum rəsmisi Qubada təşkil edilən yeniyetmələr arasında Avropa Kubokunun açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

O, əsas məqsədlərinin idmançıların inkişafı olduğunu deyib: "Regionlarda cüdo üzrə turnirlərin təşkil edilməsi bu idman növünün inkişafına təkan verir. Əlbəttə, medal əldə etmək önəmlidir. Amma onların inkişafı daha vacibdir".

Federasiya rəsmisi “Böyük Dəbilqə” turnirinin regionlarda keçirilməsi ehtimalına münasibət bildirib: "Bu turnirinin öz tələbləri var. Hələlik "Böyük Dəbilqə"nin regionlarda təşkil edilməsi üçün əlverişli şərait yoxdur. Bu səbəbdən Milli Gimnastika Arenasında istifadə edirik. Əlbəttə ki, biz də istəyərik ki, bu vacib yarış Azərbaycanın hansısa bölgəsində baş tutsun".

Qeyd edək ki, mayın 4-də başa çatacaq yarışda Azərbaycanı  141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.