Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb
23.09.2024 - 17:34
Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının son günündə Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında son iclas keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda Azərbaycan Şahmat Federasiyası tərəfindən türkdilli ölkələrin şahmat sahəsində əməkdaşlığını və əlaqələrini gücləndirmək üçün xüsusi qurumun yaradılması təklif olunub.

Bununla bağlı çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova türkdilli ölkələrin birgə assosiasiyasının yaradılmasının vacibliyini vurğulayıb, gələcək təşkilatın əsas hədəfləri barədə məlumat verib. FIDE-nin Baş Assambleyasında səsverməyə çıxarılan təklif yekdilliklə qəbul edilib. Beləliklə, Türkdilli Ölkələrin Şahmat Assosiasiyası yaradılıb. Assosiasiyanın ilk üzvləri Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və Qırğızıstan olub.

İclasın sonunda FIDE prezidenti Arkadiy Dvorkoviç Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlərin şahmat federasiyalarının rəhbərləriylə görüşüb. Yaxın günlərdə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının əsasnaməsi təsdiqlənəcək. Təşkilata rəhbərlik iki il müddətinə seçiləcək və növbəlilik əsasında həyata keçiriləcək. Əsas məqsəd türkdilli ölkələr arasında şahmatda da əlaqələri genişləşdirmək və mütəmadi olaraq müxtəlif birgə layihələri reallaşdırmaqdır.

Qeyd edək ki, FIDE tərkibində Latın Amerikası ölkələri, ərəb dövlətləri, fransız dilli ölkələrin şahmat qurumları fəaliyyət göstərir.

writer photo
İsmayıl Xeyrullayev
0