Bəxtiyar Musayev: "Berezutski " Qarabağ"a uduzmayıb, amma..."
31.05.2025 - 14:58
Bəxtiyar Musayev: "Berezutski " Qarabağ"a uduzmayıb, amma..."

Azərbaycanlı futbol mütəxəssisi, "Qarabağ"ın sabiq üzvü Bəxtiyar Musayev apasport.az saytına açıqlama verib.

O, bu gün keçiriləcək ölkə kubokunun final görüşündən danışıb:

"Hər şeydən əvvəl, komandaların gözəl oyun nümayiş etdirməsini arzulayıram. Çox baxımlı, dinamik futbolun olmasını çox istəyərdim. Bu, həm biz - mütəxəssislər, həm də azarkeşlər üçün vacibdir. Baxımlı oyun arzu edirəm. Favoritə gəldikdə, əlbəttə ki, "Qarabağ" bir addım öndə görünür. Düzdür, finalda favorit olmur, belə deyim var. Həqiqətən sürpriz nəticələrlə də qarşılaşmışıq. Asan oyun olmayacaq. Sadəcə fikrimcə, "Qarabağ" bir addım öndədir ki, kuboku qazansın. Əlavə vaxtda da olsa, "Qarabağ" bu şansı əldən verməyəcək, kuboku qazanacaq. Doğrudur, Vasili Berezutskinin rəhbərlik etdiyi "Sabah" "Qarabağ"a uduzmayıb. Bunun əlavə üstünlüyü olduğunu deməzdim. Çünki hər oyun fərqli məcrada keçir. Bu oyun da finaldır. Fakt odur ki, Berezutski " Qarabağ"a uduzmayıb. Amma hər hansı psixoloji üstünlük olduğunu düşünmürəm. Ki, bu, komandaya hansısa üstünlük versin. 

Bu, avrokuboklara getmək yolunda "Sabah" üçün son şansdır. Bu oyunun adı üstündədir, finallar onsuz gərgin olur. Elə futbolçular var ki, bu oyunu rahat qarşılayır, bəzilərində isə basqı yaradır. "Sabah" üçün ikiqat təzyiq olacaq, ya motivasiya olacaq, bu ancaq baş məşqçinin futbolçularla necə danışmasından asılıdır. Bu cür matçlarda psixoloji rol çox böyük əhəmiyyət daşıyır. Baş məşqçi nə cür sözlər tapacaq, nə cür motivasiya edəcək, final matçında vacibdir. Vasili Berezutskiyə böyük yük düşür. O, komandanı motivasiya da edə bilər. Amma mümkün sözlər tapmayanda, bəlkə də komanda təzyiq altında qala bilər".

Qeyd edək ki, "Qarabağ" bu gün Azərbaycan kubokunun finalında "Sabah"la üz-üzə gələcək.