Andriya Lukoviç: "Azərbaycanda "Qarabağ"la rəqabət aparacaq klub yoxdur" - Müsahibə
02.07.2025 - 17:44
Andriya Lukoviç: "Azərbaycanda "Qarabağ"la rəqabət aparacaq klub yoxdur" - Müsahibə

“Zirə”nin sabiq futbolçusu, Çinin “Şanxay” klubunun yeni transferi Andriya Lukoviç apasport.az saytına müsahibə verib.

- "Napredak"dan ayrılaraq Çin klubuna keçdiniz. Maraqlıdır, Azərbaycandan təklif almışdın?
- Bəli, mən Çinə bir neçə gün əvvəl gəlmişəm. Buna görə də xoşbəxtəm. Burada oynayacağam üçün həyəcanlıyam. Azərbaycanla bağlı ciddi bir şey yox idi. Doğrudur, söz-söhbət həmişə var. Lakin konkret və ciddi bir şey yox idi.

- 2022-2024-cü illərdə "Zirə"nin formasını geyinmişdin. Ümumiyyətlə,  "Zirə"dəki karyeranı uğurlu hesab edirsən? Səncə, daha uzun müddət "Zirə"də oynaya bilərdin?
- Mən orada olmuşam və həqiqətən də klub işçiləri , ümumiyyətlə şəhər haqqında gözəl xatirələrim var. “Zirə”nin futbolçusu olduğum üçün də özümü hər zaman xoşbəxt hiss etmişəm. Orada yaşadıqlarım yaxşı mənada hər zaman xatirəmdə qalacaq. Doğrudur, bəlkə də “Zirə”də daha uzun müddət oynaya bilərdim, orada qala bilərdim. Amma bu futboldur, belə alındı. 

- "Zirə" son mövsüm Premyer Liqada 2-ci pilləni tutdu. Necə düşünürsən, yaxın illərdə "Zirə" "Qarabağ"la çempionluq mübarizəsi apara bilər?
- Düzünü desəm, bu, çox-çox çətindir. Çünki hamımız “Qarabağ”ın gücünü bilirik. Sanki “Qarabağ” tamam başqa liqadandır. Onların Azərbaycanda rəqabət aparacağı komanda yoxdur. “Zirə” hazırda ölkənin ikinci komandasıdır və onlar buna layiqdirlər.

- Yeri gəlmişkən, bu yay Azərbaycana transfer edilən futbolçulardan biri Tavareş oldu. "Famalikao"da onunla birlikdə oynamısan. O, "Turan Tovuz"a gəldi. Tavareş haqda hansı fikirdəsən?
- Bəli, Tavareşi tanıyıram. Onunla qısa müddət birlikdə oynamışam. Amma hər halda, onun nəyə qadir olduğunu bilirəm. Deyə bilərəm ki, Azərbaycan çempionatında fərq yarada biləcək, özündən söz etdirə biləcək futbolçudur. Bu yaşda daha yaxşı liqada olacağı gözlənilirdi. Gözləntilər bu cür idi. İstənilən halda, Tavareşin yaxşı futbolçu olduğunu düşünürəm. 

- “Zirə” məsələsinə qayıtsaq, komanda Konfrans Liqasında "Hayduk"la qarşılaşacaq. Səncə, "Zirə"nin "Hayduk" qarşısında şansı var?
- “Hayduk” Xorvatiyanın ən güclü komandalarından biridir. Onlar ötən mövsüm Xorvatiyada ən yaxşılardan idi, çempionluq da yaşaya bilərdilər. Təbii ki, çətin olacaq. Amma ümid edirik ki, “Zirə” “Hayduk”a qalib gələcək və növbəti mərhələyə adlayacaq.

- “Zirə"nin "Hayduk"u keçməsi sənin üçün sürpriz olar? "Zirə" "Hayduk"dan fərqli olaraq, son mövsümdə avrokuboklarda uğurlu çıxış edib. "Hayduk" ilk mərhələdə "Rozemberok"a (Slovakiya) uduzdu, "Zirə" isə pley-off mərhələsinə qədər irəlilədi və orada "Omoniya"ya uduzdu...
- “Omoniya” ilə səfər görüşündə olduğu kimi, “Hayduk”la görüşdə də Splitdəki stadion tam dolu olacaq. Bu mənada, “Zirə”ni çox çətin oyun gözləyir. “Zirə”nin keyfiyyəti var. Onların bu oyuna çox yaxşı hazırlaşması vacibdir. “Hayduk”la matçlarda sərbəst oynamaq, rəqibdən qorxmamaq çox önəmlidir. “Zirə”yə uğurlar arzulayıram.