Mais Mənsimov: “Xəzər-Lənkəran” uğursuz zolaqdan çıxa bilmir”
20.03.2008 - 12:58
Mais Mənsimov: “Xəzər-Lənkəran” uğursuz zolaqdan çıxa bilmir”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib. Onun bildirdiyinə görə, rəhbəri olduğu komandanın son vaxtlar qeyri-sabit çıxış etməsində xüsusi səbəb axtarmağa dəyməz: “Futbolçuların təxribat törətməsindən söhbət gedə bilməz. Çünki “Xəzər-Lənkəran”ın mehriban, səmimi kollektivi var”. Prezident Premyer Liqanın XVII turunda öz meydanında ABN-lə qolsuz bərabərlikdən sonra istefa verən baş məşqçi Ağasəlim Mircavadovun da məsələsinə toxunub. O, baş məşqçi postunda dəyişiklik edilməyəcəyini vurğulayıb: “Bildiyiniz kimi, Ağasəlim Mircavadovun istefa ərizəsini qəbul etmədik. Onunla əməkdaşlığı davam etdirəcəyik”. M.Mənsimov vurğulayıb ki, bu gün ölkə kubokunun 1/4 final mərhələsində “Olimpik”lə cavab görüşündə pis nəticə qeydə alınacağı təqdirdə belə, cəza tədbirləri həyata keçirilməyəcək: “Açığı, nə baş məşqçini, nə də hansısa futbolçunu komandadan kənarlaşdırmaq fikrimiz var”.
Qeyd edək ki, bu ilin yanvarında “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin qalibi olan “Xəzər-Lənkəran” Premyer Liqanın ikinci dövrəsində 4 tura 7 xal itirib. Bu oyunlarda qol vura bilməyən Lənkəran təmsilçisi ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında “Olimpik”ə uduzaraq (0:1) yarımfinala adlamaq şansını da azaldıb.
0