Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert Bakıya qayıdıb
20.03.2008 - 13:27
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin Antalya şəhərində səfərdə olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernard Lippert Bakıya qayıdıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı çalışdırıcı Antalyada olduğu müddətdə ölkəmizin 19 yaşlılardan ibarət yığmasının “Rubin-2” (Rusiya) klubu ilə yoldaşlıq görüşünü izləyib. B.Lippert xüsusilə milli komandanın qapıçısı Səlahət Ağayevin oyununa diqqət yetirib. Yığmamızın 1:2 hesablı məğlubiyyətinə baxmayaraq, baş məşqçi S.Ağayevin oyununu bəyənib. Bu səbəbdən yeniyetmə qapıçının təlim-məşq toplanışını yarımçıq dayandıraraq, U-21-in düşərgəsinə qoşulması barədə qərar çıxarılıb. Olimpiya yığmamızın məşqləri sabah start götürəcək. Martın 25-də Avropa çempionatının seçmə qrup mərhələsində İtaliyanı qəbul edəcək B.Lippertin yetirmələri 4 gün ərzində “Şəfa”, “Ədliyyə” və Tofiq Bəhramov adına Respublika stadionunda məşq keçəcəklər.
0
0