Azərbaycan yığması İtaliyaya məğlub olub
26.03.2008 - 11:47
Azərbaycan yığması İtaliyaya məğlub olub
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun B.Lippertin U-21-də debüt matçı olub. Milli komandamızın start heyətində Osman Umarov, Maksim Medvedyev, Nodar Məmmədov, Tagim Novruzov, Elnur Abdullayev, Arif Daşdəmirov, Elvin Məmmədov, Asif Məmmədov, Rahid Əmirquliyev, Ruslan Abışov və Vaqif Cavadov yer alıb. Qarşılaşmanın əvvəli kəşfiyyat xarakterli hücumlarla keçib. İtaliyalıların ilk təhlükəli həmləsi isə qolla nəticələnib. İspaniyanın “Vilyareal” klubunun şərəfini qoruyan Cüzeppe Rossi 18-ci dəqiqədə qapıçı ilə təkbətək çıxaraq, hesabı açıb. Futbolçularımızın səylərinə baxmayaraq, qonaq komanda fasiləyə hesabda üstün yollanıb. İkinci hissədə də Pyerluici Kaziraginin yetirmələri təşəbbüsü əldən verməyiblər. Bu səbəbdən 62-ci dəqiqədə milli komandamız qapısında daha bir qol görüb. Cərimə meydançasında Pablo Osvaldoya qarşı edilən kobudluğa görə görüşün baş hakimi yığmamızın qapısına penalti təyin edib. Cüzeppe Rossi özünün və komandasının ikinci qoluna imza ataraq, matçın yekun hesabını müəyyənləşdirib. Beləliklə, U-21 seçmə mərhələdə keçirdiyi 8-ci oyunda 7-ci dəfə məğlubiyyətlə üzləşib. Milli komandamız yenə 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən ilin payızında İtaliyada oynanılan birinci matçda yığmamız 0:5 hesabı ilə məğlub olmuşdu.
0