“Neftçi”nin 8 futbolçusu dünən keçirilən beynəlxalq görüşlərdə milli komandaların formasını geyiniblər
27.03.2008 - 13:35
Bakı. Mehman Süleymanov-APA-Sport. “Neftçi” klubunun 8 futbolçusu dünən keçirilən rəsmi oyunlarda müxtəlif yığma komandaların heyətində beynəlxalq görüşlərin iştirakçısı olub. “APA-Sport” agentliyinin məlumatına görə, flaqmanın türkmənistanlı yarımmüdafiəçisi Nazar Bayramov 2010-cu il dünya çempionatının seçmə mərhələ oyununda İordaniya yığmasına qarşı çıxış edib. Əsas heyətdə yer alan 26 yaşlı futbolçu matçı əvəzedilmədən keçirib. Yevlaxın “Karvan” klubunda forma geyən türkmənistanlı futbolçular Məkan Nəsirovla Məmmədəli Karadanov da bu rəsmi görüşün iştirakçısı olublar. Əsas heyətdə meydana çıxan müdafiəçi M. Nəsirov 63-cü dəqiqədə əvəzlənib. Hücumçu M.Karadanov isə 73-cü dəqiqədə N. Bayramovun böyük qardaşı Vladimir Bayramovun yerinə meydana daxil olub. Aşqabadda keçirilən matçda İordaniyaya 0:2 hesabı ilə uduzan Türkmənistan qrupda sonuncu yeri tutur. “Neftçi”nin estoniyalı sol cinah yarımmüdafiəçisi Dmitri Kruqlovun iştirak etdiyi görüş isə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Estoniya öz meydanında Kanada yığması ilə keçirdiyi yoldaşlıq görüşündə qalib gəlib. Qeyd edək ki, “Neftçi”nin milli komandamıza dəvət alan 6 futbolçusu - Rəşad Sadıqov, Elnur Allahverdiyev, Rail Məlikov, Aleksandr Çertoqanov, Zaur Tağızadə və Branimir Subaşiç Litva ilə Vilnüsdə keçirilən yoldaşlıq görüşündə (0:1) əsas heyətdə yer alıblar.
0
0