Azərbaycanın yığmasının hücumçusu Branimir Subaşiç: “Litva ilə oyunda buraxdığımız axmaq qol məğlub olmağımıza gətirib çıxardı”
27.03.2008 - 13:46
Bakı. Mehman Süleymanov-APA-Sport. “Litva yığması ilə yoldaşlıq görüşünü ağır şəraitdə keçirməli olduq. Həm matçın yarıdan çoxunu qırmızı vərəqə alan futbolçumuza görə azlıqda keçirməli olmağımız, həm də meydançanın vəziyyəti öz sözünü dedi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının serbiyalı hücumçusu Branimir Subaşiç bildirib. Onun sözlərinə görə, Vilnüsdə Litva – Azərbaycan yoldaşlıq görüşü keçirilən “Vetra” stadionunun qazonu nəticəyə öz təsirini göstərib: “Meydançanın vəziyyəti dəhşət idi. Yağan qar nəticəsində qazon bərbad vəziyyətə düşmüşdü. Belə meydançada öz potensialını göstərmək, qol vurmaq çətindir”. 26 yaşlı futbolçu matçı idarə edən moldovalı hakimlərdən də narazı qalıb: “Hakim vərəqələri sağa-sola paylamaqla məşğul idi. Sanki bu yoldaşlıq görüşü deyil, hansısa rəsmi oyun idi. Hakimlik bu dəfə də normal deyildi. Moldovalının meydan sahiblərinə simpatiyası hiss olunurdu. O, artıq 33-cü dəqiqədə müdafiəçimiz Elnur Allahverdiyevə ikinci sarı vərəqə göstərərək, onu meydandan çıxardı. Litvalılar bundan 5 dəqiqə sonra qapımızdan top keçirdi. Əslində axmaq bir qol buraxdıq ki, bu da sonda məğlub olmağımıza gətirib çıxardı. Rəqib topu autdan cərimə meydançasına atır və qapı dirəyinin yaxınlığında litvalı futbolçu ayaqla topu qapımızdan keçirir”. Oyunun sonuna yaxın zədə alan “Neftçi”nin serbiyalı hücumçusu ayağında ağrılar hiss etdiyini bildirib: “Rəqiblə mübarizədə diz nahiyəmdən xəsarət aldım. İlkin yardım kimi ayağıma buz qoyuldu. Ayağımda hələ da ağrılar var. “Bakı” ilə 3 gün sonra keçiriləcək çempionat oyununda komandama kömək etmək istəyirəm. Ancaq bunun reallaşacağı hələ sual altındadır. Həkimlər dizimi müayinədən keçirəndən sonra son sözlərini deyəcəklər”.
0
0