“Bakı”nın legionerləri “Neftçi” ilə oyunu buraxacaq
29.03.2008 - 12:55
“Bakı”nın legionerləri “Neftçi” ilə oyunu buraxacaq
Bakı. Mehman Süleymanov-APA-Sport. “Bakı” Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Neftçi” ilə sabahkı oyun öncəsi problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı”nın legionerləri – seneqallı qapıçısı Xalidu Sissoko, gürcüstanlı yarımmüdafiəçi Amiran Muciri və braziliyalı hücumçu Leandro Qomeş flaqmanla görüşü buraxacaq. Bu futbolçulardan X.Sissoko yenidən cəza səbəbindən kənarda qalacaq. “İnter”lə martın 1-də “Şəfa” stadionunda keçirilən oyunda baş hakim Vüsal Əliyevi təhqir etdiyi üçün iki oyunluq cəzalanan seneqallı qapıçı “Qəbələ” ilə ölkə kuboku uğrunda ¼ final mərhələsinin cavab görüşündə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Belə olan halda, növbəti oyunu buraxmaq məcburiyyətində qalan X.Sissoko “Neftçi” ilə görüşü yenə kənardan izləyəcək. İlk dövrədə “Bakı”nın 5:1 hesabı ilə qələbə qazandığı oyunda ehtiyatda qalan seneqallını bu dəfə də Orxan Mirzəyev əvəzləyəcək. A.Muciri ilə L.Qomeş isə yenidən zədə problemi ilə üzləşib. Bu legionerlər “Neftçi”yə ilk dövrədə hərəyə bir qol vurublar.
Qeyd edək ki, həmin matçda “Bakı”nın üç qolunun müəllifi olan nigeriyalı yarımmüdafiəçi Əhməd Ticani flaqmanla görüşün iştirakçısı olacaq.
0